Qarabağ veteranı: “Müharibə Əlilləri Pansionatında vəziyyət dözülməzdir”

img1802169“Mərdəkan qəsəbəsində yerləşən Müharibə Əlilləri Pansionatında vəziyyət dözülməz həddədir”.
Bu sözləri I qrup Qarabağ əlili Əbülfəz Səfərov musavat.com-a yazdığı şikayətində bilirib.
Redaksiyamıza müraciət edən Qarabağ veteranının sözlərinə görə, 6-21 aprel tarixlərində sözügedən pansionatda müalicə alıb və bir çox çatışmazlıqların şahidi olub: “Əvvəllər buraya adından da göründüyü kimi, ancaq müharibə əlilləri gələrdi və uzun növbələr yaranmazdı. Ancaq 2014-cü ildə pansionatın hazırki rəhbəri Pərvanə Hacıyeva gələndən sonra təkcə əlillər deyil, yaşlılar, xəstələr, müalicə almaq, dincəlmək istəyən hər kəs buraya gəlir. Nəticədə uzun növbələr yaranır və əsl ehtiyacı olan müharibə əlilləri qayğıdan kənarda qalır. Pansionatın adını da dəyişib, Müharibə Əlilləri Pansionatı yox, Əlillərin Müalicə Pansionatı qoyub”.
Əbülfəz Səfərov deyir ki, 2003-cü ildə mərhum prezident Heydər Əliyev bu pansionatı əlillərə vermişdi və özü də açılışında iştirak etmişdi: “Ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva da bizimlə görüşmüşdü. Bir müddət buraya ancaq Qarabağ əlilləri qəbul edilirdi. Bir müddət keçəndən sonra rüşvət verən hər kəs üçün pansionatın qapıları açıq oldu”.
Şikayətçi iddia edir ki, burada xəstələrin qəbul edilməsi sistemi rüşvətxorluq üzərində qurulub: “Kimin pulu varsa verir, dərhal qəbul olunur, müalicə alır. Müharibə əlilləri üçün nəzərdə tutulan lüks otaqların yarım günü 15 manata satılır. Kimin pulu yoxdursa, haqqını tələb edə bilmirsə, ona deyirlər ki, hazırda boş yer yoxdur, get növbən olanda gələrsən. O çarəsiz insanlar da aylarla gözləməli olurlar”.
Əbülfəz Səfərovun sözlərinə görə, yeni müdir təyin olunduqdan sonra müalicə müddətini də azaldılıb, dərmanlar isə ümumiyyətlə verilmir: “Əvvəllər müalicə müddəti 21 gün idi. Pərvanə Hacıyeva bu müddəti 15 günə endirdi. Bundan əlavə qaldığımız müddət ərzində təyin olunan və pansionata pulsuz verilən dərmanlardan heç biri bizə verilmədi. Sadəcə xəstələrə resept yazılır və onlar da dərmanları özləri almalı olurlar. Pansionatın yeməkləri isə sağlam insanı öldürə biləcək qədər keyfiyyətsizdir. Heç bir şərait yoxdur. Yarandığı gündən bu yana pansionat bir dəfə də olsun, təmir olunmayıb. Lift işləmədiyindən yaşlı və əlil xəstələr çox çətinliklə mərtəbələri qalxıb-enirlər. Bundan əlavə istilik sistemi olmadığından qışda otaqlar buz bağlayır. Burada müalicə əvəzinə, insan sağlamlığını da itirə bilər. Həkimləri otağında tapmaq olmur. Göz həkiminin otağı var, ancaq özü yoxdur. Yataq örtükləri aylarla dəyişilmir. 13 il öncə hansı əşyalar qoyulmuşdusa, bu gün də həmin əşyalardır. Dövlətdən ayrılan pulların hara xərcləndiyini isə bilən yoxdur”.
Şikayətçi Əbülfəz Səfərovun söylədiyi bu faktlar digər müharibə əlillərinin də narazılığına səbəb olub. Ə. Səfərov deyir ki, bu pansionatın müharibə əlillərinin, şəhid ailələrinin əlindən alınması onlara qarşı bir təhqirdir: “Bu gün bizə qarşı diqqət və qayğı bu səviyyədədirsə, haqqımız olanlar əlimizdən alınırsa, sabah bunu görən heç bir gənc müharibəyə getməyəcək”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR