Səbail RİH 1 ildir vətəndaşları aldadır

asif-esgerovQarajları  Bakı  ŞİH deyil, şəxsi firma sökdürüb

Müxtəlif  adlar altında başqasının əmlakını zəbt eləmək az qala normaya çevrilib. Hərdən bunun üçün səbəb kimi dövlət ehtiyacları da işə düşür. Park, istirahət yeri tikmək, abadlıq-quruculuq işləri məqsədilə vətəndaşların əmlakı əlindən alınır, ya da sökülür və ən pisi odur ki, əmlakın real qiymətinə uyğun kompensasiya  verilmir. Vətəndaşlar isə məhkəməyə müraciət edəndə adətən  hakimlər əks tərəfin xeyrinə qərar çıxardır.

Vəkil  Bəxtiyar  Hacıyev də oxşar problemlə bağlı kömək üçün  Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) müraciət edib.

Vəkilin sözlərinə görə  keçən il  onun müştərisi  Lalə Quluzadənin  Səbail rayonu, Xanlar küçəsi 1 ünvanda  yerləşən qarajı qanunsuz olaraq sökülüb: “ Qonşuluqdakı qarajlar da sökülüb. Qarajları kimin  sökdüyü məlum deyil. Sadəcə, tanımadığı bir  şəxs  qarajın  sahibinə  ona məxsus qarajın sökülməsi üçün 4000 manat pul təklif edib. Həmin şəxs heç bir rəsmi sənəd göstərməyib. Həmin qarajın real qiyməti 20.000 manat olduğu üçün  Lalə xanım  razılaşmayıb. Və ötən ilin aprel  ayında qaraj  sahibinin icazəsi olmadan sökülüb.

Səbail  RİH-ə müraciət edən vəkilə cavab veriblər ki, bu söküntünün bizə dəxli yoxdur, bu işləri Bakı ŞİH aparır.

Vəkil məcbur olub Bakı ŞİH-ə, sonra Daxili İşlər nazirliyinə, Baş prokurorluğa müraciət etsə də heç bir qurumdan konkret cavab almayıb.

Sonra vəkil  I  Bakı  İqtisadi-İnzibati Məhkəməsinə müraciət edərək  Səbail İcra Hakimiyyətinə qarşı iddia qaldırıb. Həmin iddiada qaraj sahibi  ona məxsus qarajın bərpa olunmasını  və qarajın kimlər tərəfindən sökülməsinin müəyyən olunmasını tələb edir.

Bütün bunlarla  bağlı  Qafqaznews.org araşdırma aparmaq qərarına gəldi. Görək, qarajı kimlər sökdürüb?

İlk öncə Səbail RİH-nin təsərrüfat şöbəsinin kuratoru  Anar Rəsulov  ilə əlaqə saxladıq. O, bildirdi ki, həmin əraziyə mən məsulam və ordakı söküntünü kimin apardığı mənə məlum deyil. Ola bilər ki, şəhər icra hakimiyyəti  dövlət ehtiyacları üçün söküntü aparıb.

Sonra  biz  Lalə Quluzadənin qarajının yerləşdiyi ərazidəki  Mənzil-istismar İdarəsinə müraciət etdik. İdarənin İsa adlı işçisi ( o özünü belə adlandırdı )  bildirdi ki, həmin qarajları şəxsi  firma sökdürüb…

Araşdırma zamanı bu qənaətə gəldik ki, Səbail RİH vətəndaşları aldadaraq  izi yayındırıb və söküntünü  Bakı ŞİH-nin üzərinə atıb. Deməli,  həmin şəxsi firma ilə Səbail RİH-nin ortaq maraqları var.  Yəqin ki, məhkəmə bu suallara aydınlıq gətirəcək…

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR