14 martda haqqin.az saytında “Azimport imperiyası Bakını zəbt etməkdə davam edir” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə keçmiş müstəntiq, hazırda vəkil işləyən Ramiz Zeynalovun şikayətindən bəhs edirdi.
Vəkil bildirirdi ki: “Azimport şirkəti mənim evimi, ofisimi dağıdıb. 2008-ci ildə mən oğlumla fəhlə briqadası tutaraq həmin ərazidən illərlə yığılan zibilləri, tullantıları daşıyaraq oranı təmizlədik. Həmin ərazidə ağaclar əkdik. Bütün bunlar “Azimport”un baş direktorunun göstərişi ilə dağıdılıb. Mənim icra hakimiyyətindən sərəncamım var, bələdiyyənin qərarı var, Torpaq komitəsinin verdiyi sənədlər, mülkiyyət sənədi və s… bunlar “Azimport”un rəhbərliyini maraqlandırmadı. Bu ərazidə təkcə mənim deyil, digər şəxslərin də əmlakı dağıdılıb. 26 mağaza, 6 qaraj və digər şəxsi obyektlər darmadağın edildi.
Və dağıdılan ərazidə 3 min kv.m-lik qeyri-yaşayış binası tikilib. Sənədlərdə tikinti iş icraçısının adına qeyd olunsa da, əslində oranın sahibi Azər Əskərov və Rəşad Məmmədovdur”.
Biz o zaman qafqaznews.org olaraq deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğunu araşdırmaq qərarına gəldik.
Və “Azimport”un ofisi ilə əlaqə saxladıq. Ofisin meneceri Cahan Qənizadə sualımıza cavab verməkdən imtina elədi və bildirdi ki, sualınızı direktora çatdıraram, lazım bilsə cavab verər.
Zağulba qəsəbəsinin də aid olduğu Buzovna bələdiyyəsinin vergi şöbəsinin müdiri Cəbrayıl Əbdüləzimov isə bizə bildirdi ki, həqiqətən də Ramiz Zeynalova məxsus ofis və kafe “Azimport” tərəfindən dağıdılıb.
Məlumat üçün onu da qeyd edək ki, ötən ilin avqust ayında qafqaznews.org saytında “Azimport özgə əmlakını zəbt etdiyini etiraf edəcəkmi” başlıqlı məqalə dərc olunmuşdu.
Məqalə Lalə Quluzadənin Səbail rayonu, Xanlar küçəsi, 1 ünvanda yerləşən qarajının qanunsuz sökülməsindən bəhs edirdi.
Zərərçəkənin vəkili Bəxtiyar Hacıyev bildirirdi ki: “ Müştərisi olan Lalə Quluzadənin Səbail rayonu, Xanlar küçəsi, 1 ünvanda yerləşən qarajı qanunsuz olaraq sökülüb. Qonşuluqdakı qarajlar da sökülüb. Ancaq qarajları kimin sökdüyü məlum deyil. Sadəcə, tanımadığı bir şəxs qarajın sahibinə ona məxsus qarajın sökülməsi üçün 4000 manat pul təklif edib. Həmin şəxs heç bir rəsmi sənəd göstərməyib. Qarajın real qiyməti 20.000 manat olduğu üçün Lalə xanım razılaşmayıb.Və ötən ilin aprel ayında qaraj sahibinin icazəsi olmadan sökülüb.”.
Qafqaznews.org saytı öz informasita xətti ilə söküntü işlərini “Azimport” şirkətinin apardığını öyrənərək “AZİMPORT” şirkətinə telefon açdı. Şirkətin Sara adlı (çox təəssüf ki, soyadını demədi) əməkdaşı bildirdi ki, əgər biz hər hansı söküntü, yaxud tikinti işi aparırıqsa, demək əlimizdə rəsmi sərəncam var.
O, eyni zamanda bildirdi ki, mümkündür ki, sökülən qarajın ərazisində də işləri bizim şirkət aparır.
İndi isə haqqin.az-ın yazdığına görə məlum olub ki…
“Azİmport” şirkətinin faktiki sahibi Rəşad Məmmədov eyni zamanda Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi imiş və vəizfəsindən azad olunub.
Azərbaycan mətbuatı R.Məmmədovun bu şirkətinin (şirkətə isə onun bacısının əri Azər Əsgərov rəhbərlik edir) özbaşınalığı ilə üzləşmiş vətəndaşların çoxsaylı şikayətləri əsasında elementar kompensasiyadan da məhrum edilmiş insanların dərdlərindən və fəlakətlərindən bir neçə aydır ki, ətraflı yazır.
Doğrudur, şirkətin özbaşınalığı ilə üzləşmiş insanların bir çoxu məhkəmələrə üz tutmuşdu. Lakin R.Məmmədov öz qulluq mövqeyindən və inzibati resurslardan istifadə edərək məhkəmə sisteminə də bütün mümkün üsullarla təzyiq göstərir, ədalətli qərarların qəbulunu ləngidir, buna mane olurdu.
Nəhayət, sonradan məlum oldu ki, R.Məmmədovun anası milliyyətcə ermənidir: Martirosova Aida Stepanovna. R. Məmmədov sənədləri saxtalaşdıraraq erməni anasını “azərbaycanlı”ya çevirib. ( haqqın.az )
Hüquq-mühafizə orqanları uzun müddət Rəşad Məmmədovun əməlləri ilə bağlı Qafqaz Xəbər Agentliyinin (qafqaznews.org) dərc elədiyi faktlara laqeyd yanaşıb. Güman edirik ki, vəzifəsindən azad ediləndən sonra müvafiq dövlət qurumları bu şəxsin əməllərinin obyektiv araşdırılmasına “cəsarət” edəcəklər.
R.Həsənoğlu
Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)