“Azİmport” şirkətinin sahibi Heydər Əliyev dövlətinə güllə atmış adamdır-FOTO

93533_res_01Qəsbkarlıq fəaliyyətinə araşdırmaçı qrupumuz tərəfindən bir neçə məqalə həsr etdiyimiz işğalçı şirkətin – “Azİmport”un tarixçəsi görünür, başa çatır.

Lakin bizi hələ də bu əsas sual maraqlandırır: daşnak köklərinə malik keçmiş bank kuryeri Rəşad Məmmədov və bir vaxtlar Ələkrəm Hümbətovun ideoloqlarından birinin mühafizəçisi olmuş cüdoçu Azər Əsgərov Azərbaycan iqtisadiyyatında inhisarçılıq hüququna, strateji mövqelərin birinə necə olmuşdu ki, sahiblənmişdi?

“Azİmport” şirkəti 2000-ci illərin əvvəllərindən etibarən Bakının və bütün Abşeronun yenidən qurulması layihələrində demək olar ki, inhisarçı mövqe qazanmış və demək olar ki, dövlət içində dövlətə çevrilmişdi. Bu şirkət həm ev tikir, həm məktəbləri təmir edir, küçə və prospektləri yenidən qurur, yaşıllaşdırma işlərini yerinə yetirir, nəhayət, Milli Parkı tikib-qururdu… Bu şirkət yüz milyonları əlində fırladırdı. Ölkənin bütün banklarında onun büdcə vəsaitlərini mənimsəməsinin izlərinə rast gəlmək olar.

“Azİmport” ölkənin bütün banklarında hesabı olan yeganə firma idi. Milyonları yemək, mənimsəmənin izlərini itirmək belə daha asan idi. Bir daha deyək ki, bu şirkətin başında isə Azərbaycanın yeni tarixinin müxtəlif mərhələlərində Əliyev hakimiyyətinin dayaqlarını laxlatmağa çalışan adamlar dayanırdı.

Bu suala təəssüf ki, hələ cavab verə bilmirik. Səbəbini deyək.

“Azİmport” şirkətinin formalaşması prosesini araşdırdığımız zaman Azər Əsgərovun keçmişini “qazıyanda” çox maraqlı faktla rastlaşdıq: şirkətin sahiblərindən biri olan Rəşad Məmmədovun həyat yoldaşının qardaşı Azər Əsgərov iki il həbsxanada yatıb. Bu A.Əsgərov fırıldaqçı deyilmi? Axı A.Əsgərovun R.Məmmədovla birgə fəaliyyəti – minlərlə vətəndaşın mülkiyyətini qəsb etməsi öz izahını bu adamın xarakterinin cinayətkar mahiyyətinə və şəxsiyyətində tapa bilərdi.

Məlum olur ki, vəziyyət bundan da pisdir. A.Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının 7 iyun, 1996-cı il tarixli qərarı ilə dövləti cinayəti törətməkdə ittiham olunub. Bu halda söhbət A.Əsgərovun bədnam “Talış-Muğan Respublikası”nın ideya rəhbərlərindən və ilhamvericilərindən biri olan Möhübbət Xəlilovun mühafizə xidmətinə bağlılğından getmir. Çox maraqlıdır ki, onun bioqrafiyasının bu epizodu Azərbaycan xüsusi xidmət orqanlarının diqqətindən kənarda qalıb. Halbuki hər şey daha qorxunc və təhlükəlidir.

Biz “Azİmport” şirkətinin qurbanlarından olan vəkil Ramiz Zeynalovun köməyi ilə Azər Əsgərovun məhkəmə işi ilə bağlı bəzi məqamları aydınlaşdıra bildik. Nəticədə nələr üzə çıxdı?

Sən demə, həmin burulğanlı 90-cı illərdə cüdo üzrə milli komandanın üzvü olmuş Azər Əsgərov OMON komandiri, daxili işlər nazirinin müavini Rövşən Cavadovla yaxın münasibətlərdə olub. R.Cavadov 1994-cü ilin oktyabr qiyamına və 1995-ci ilin mart hadisələrindən hələ xeyli əvvəl idmançılardan ibarət xüsusi briqadalar formalaşdırmağa başlayıbmış. Cüdoçu Azər Əsgərov da həmin briqadalardan, yəni qanunsuz silahlı birləşmələrdən birinin tərkibinə daxil olubmuş.

93534_srcVəkilin təqdim etdiyi cinayət işinin materiallarında göstərildiyi kimi, qiyamçı OMON-çular 1995-ci il, martın 13-15-də dövlət hakimiyyəti orqanlarını ələ keçirmək üçün Qazax, Ağstafa və Tovuz rayonlarının dövlət qurumlarına silahlı hücum təşkil ediblər. OMON-çular, habelə idmançılardan və fərarilərdən ibarət qanunsuz silahlı dəstələr həmin il martın 13-də gecə saat 3-də OMON-un Qazax şöbəsinin komandiri Elçin Əmiraslanovun (hazırda Qobustan türməsində ömürlük cəza çəkir) rəhbərliyi altında Qazax və Ağstafada bütün dövlət qurumlarının inzibati binalarına silahlı hücum etdilər. Məlum olduğu kimi, qanlı döyüşlərdən sonra qiyamçılar həmin binaları ələ keçirə bilmişdilər. Martın 15-də isə Azərbaycan Ordusunun nizami bölmələri ağlını itirmiş qiyamçıların qarşısını kəsdi.

E.Əmiraslanovun rəhbərliyi altında hakimiyyət orqanlarına hücum edən, əsgərləri öldürən, qanuni hakimiyyətin nümayəndələrinə güllə atan qiyamçılar arasında bizim “qəhrəmanımız” Azər Zəlimxan oğlu Əsgərov da var idi! Bəli, bəli, Əsgərov və onun dostu İlqar Əhmədov Rövşən Cavadovun tapşırığına əsasən martın 13-də Bakıdan Qazaxa yola düşmüşdülər. Lakin Heydər Əliyevə sədaqətini saxlayan ordu qiyamçıları əzəndən sonra Əsgərov da bir çox digər OMON-çularla birlikdə gizlənməyə və Bakıya qaçmağa nail olmuşdu.

Əsgərovun bəxti gətirdi, Qazaxdakı meydandan qaça bildi. Lakin Bakıya qayıdandan sonra öz cinayətlərinin izini itirməyə hər halda nail ola bilmədi. Polisin əlində nəinki təkcə öz andını pozub hakimiyyətə qarşı silah qaldıran OMON-çuların, həm də Cavadaov-Əmiraslanov duetinin qanunsuz silahlı birləşmələri sırasındakı idmançıların da siyahısı var idi. Odur ki, A.Əsgərovla İ.Əhmədov Qazaxdan Bakıya qayıdarkən polis tərəfindən yaxalandılar.

A.Əsgərovun maşınından “Kalaşnikov” avtomatı, güllə və döyüş sursatı tapıldı. Təbii ki, o da digər qiyamçılarla bərabər dərhal həbs edildi. İstintaq “Azİmport” şirkətinin indiki sahibinə qarşı Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə ittiham irəli sürərək onu vətənə xəyanətdə və qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etməkdə günahlandırdı.

Lakin Əsgərovun həbsindən sonra hansısa görünməz bir əl bu işə müdaxilə etməyə başlayaraq onu cəzadan xilas etməyə çalışırdı. Həmin qüvvə qiyamçını ağır cəzadan, uzunmüddətli həbsdən qorumağa nail oldu. Məhkəmə həmin gözəgörünməz qüvvənin istəyi ilə Əsgərova qarşı nəyə görəsə “kifayət qədər dəlil-sübut tapa bilməyərək” dövlət çevrilişi cəhdində iştirak ittihamını başqa ittihamla əvəzlədi. Əsgərov bu dəfə dövlətə qarşı cinayət hazırlanması barədəki məlumatı gizlətməkdə ittiham olunmağa başladı. 1996-cı l, iyunun 7-də Ali Məhkəmənin Hərbi Kollegiyası 22 qiyamçı barədəki hökmü elan etdi. Azər Əsgərova isə 2 il həbs cəzası verildi…

93535_srcHalbuki ittiham aktında açıq-aydın yazılmışdı ki, Əsgərov Qazaxa gedənə qədər Rövşən Cavadovun özü ilə məsləhətləşmiş, Qaqaxda isə Elçin Əmiraslanovla görüşmüşdü. Bundan əlavə, Əsgərov özü ilə Qazaxa döyüş sursatından başqa yüzlərlə təbliğat-təşviqat materialı, ədəbiyyat, o cümlədən Əmiraslanovun qəhrəmanlığına həsr olunmuş “Hünər dastanı” adlı kitabçalar aparmışdı!!!

Əgər Əsgərov əlində silah və anti-Əliyev təbliğat materialı birbaşa qiyamçıların mərkəzinə yola düşübsə, burada hansı dəlil yetərsizliyindən söhbət gedə bilərdi?!

Tarix insanların yaddaşını korşaldıb silməyə vərdiş edib. İllər ötüb keçdikcə dramatizm dolu əvvəlki hadisələr də tarixin kölgəsində qalır, üstünü tarixin tozu örtür. İndiki nəsil 1995-ci ilin faciəvi hadisələrini yalnız tarix dərsliklərindən öyrənib. Bunlar isə çoxuna bəzən bəlkə də keçmiş haqda o qədər də dolğun məlumat verməyən quru sətirlər kimi görünür. Halbuki 1995-ci il dövlət çevrilişi cəhdi təkcə hakimiyyət üçün yox, bütün Azərbaycan dövləti üçün əsl sınaq idi.

Söhbət heç də təkcə Heydər Əliyevi devirməkdən (“Azİmport”un indiki rəhbəri A.Əsgərov isə bu cəhddə bilavasitə iştirak etmişdi) getmir. Söhbət həm də bizim ölkənin gələcəyindən gedirdi. Rövşən Cavadov və digərləri öz məqsədlərinə çatsaydılar, Azərbaycan dövlətini qoruyub saxlamaq mümkün olardımı? Bu suala cavab vermək çox çətindir. R.Cavadovun təkcə prezident Əliyevə yox, ümumən bütün dövlətə silah tuşlamış əsgərləri indulgensiya ala bilərmi? Suala qoy möhtərəm oxucu özü cavab versin. Axı Cavadov və onun yanındakı adamlar siyasi banditizm formasiyasının nümayəndələri təkcə hakimiyyəti ələ keçirmək ehtirası ilə yox, daha çox ölkənin milli sərvətlərini ələ keçirmək istəyi ilə alışıb yanırdılar. Cavadovlar və onların sıravi əsgərləri, o cümlədən Əsgərov insanların əmlakını banditizm və raketçilik yolu ilə ələ keçirir, milli biznesi, yenicə meydana çıxan sahibkarlar təbəqəsini çapıb-talayırdılar. Heydər Əliyevin cismən aradan götürüləcəyi, dövlətin isə siyasi cəhətdən məhv ediləcəyi təqdirdə bu adamlar Azərbaycanı inanın ki, böyük bir xarabalığa çevirərdilər…

93537_srcMən Əsgərovun azərbaycanlıları bu dəfə artıq OMON mundirində yox, brend kostyumda amansızlıqla talan etməsinə, onların əmlakını qəsb etməsinə indi əsla təəccüblənmirəm. Çünki bu adam Heydər Əliyevin yox, Rövşən Cavadovun əsgəri idi və belə olaraq da qalır. Çünki bu adam İlham Əliyevin yox, Elçin Əmiraslanovun fəlsəfəsinin daşıyıcısıdır. Belə deyilmi?!

Lakin məni daha bir neçə vacib, özü də cavabsız sual narahat edir. Azər Əsgərovu kim xilas edib, ən ağır anında ona kim kömək əlini uzadıb? Onu uzunmüddətli həbsdən kim qoruyub? Həbsxanadan çıxandan sonra ona bəraət almaqda, reabilitasiya olunmaqda kim kömək edib? Onun böyük biznesə yolunu kim açıb? Nəhayət, Heydər Əliyev dövlətinə atəş açmış bu dövləti cinayətkarın kim əlindən tutaraq onu İlham Əliyev hakimiyyətinin dəhlizlərinə aparıb çıxarıb? Bütün Bakının qlobal yenidən qurulması planının icrasını bu adama kim həvalə edib? Onun sadə, kasıb azərbaycanlıların taleyi ilə 1995-ci ildə olduğu kimi oynamasına kim göz yumub, bunu görməyib? Doğrudanmı bu adama ədalət mühakiməsindən yayınmaqda indi yenə kömək edəcəklər?

Eynulla Fətullayev

Virtualaz.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR