2 gün əvvəl musavat.com saytı Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi, “Azimport” şirkətinin sahibi Rəşad Məmmədovun həbs olunması ilə bağlı məlumat yaydı. Yeri gəlmişkən, 8 mayda Qafqaz Xəbər Agentliyi (qafqaznews.org) “ İH-nin şöbə müdiri: AZİMPORT vəkilin əmlakını dağıdıb” başlıqlı məqalə dərc etmişdi. Məqalə Rəşad Məmmədovun şirkətinin vəkil Ramiz Zeynalovun əmlakını ələ keçirməsindən bəhs edirdi.
8 mayda qafqaznews.az saytı isə “AZİMPORT”-un işçilərinin neçə aydır əmək haqlarını almaması səbəbindən Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində Salyan şose yolunu bağladıqları barədə məlumat yaymışdı.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.org) məlumatın dəqiqliyini yoxlamaq qərarına gəldi.
Bu məqsədlə şirkətin təhlükəsizlik xidmətinin başçısı Maqsud Məhərrəmova müraciət etdik. O, aksiya ilə bağlı yayılan xəbəri nə təsdiq, nə də təkzib etdi. Və “ Mənim telefon nömrəmi sizə kim verib? “ deyərək dəstəyi asdı.
Görəsən, başçısı həbsdə olan şirkətin işçilərini nə gözləyir? Onlar əmək haqqlarını ala biləcəklərmi?
Əmək hüququ üzrə hüquqşünas Azər Quliyev bizə bildirdi ki, “AZİMPORT”un işçilər inzibati qaydada öz əmək haqlarını tələb edə bilərlər: “ Əgər şirkət sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, deməli pul qazanır.Həm də şirkətin əmlakı olmalıdır. Həmin əmlakı satmaqla əmək haqları verilməlidir”.
Rəşad Rüstəmov
Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)