Qızıl ordu, yoxsa qırmızı ordu..?

imagesKişilik məktəbi saydığımız sovet ordusu 20 Yanvar gecəsindən üzüqara çıxdı

Ömrünün müəyyən hissəsini sovet dönəmində yaşayan insan kimi sovet filmlərinə baxıb, sovet kitablarını oxuyub sovet insanı ruhunda tərbiyə olunub böyüdüm. Əvvəllər sovet filmlərində sovet tanklarının alman faşistlərinin üzərinə irəliləməsini görəndə televizor qarşısında içimdən ”Uraaaa! Bizimkilər düşmənə qalib gəldi!” qışqırmaq keçirdi. Hər il fevralın 23-də fəxrlə sevinirdik ki, bu gün biz oğlanların- kişilərin bayramıdır . Sovet ordusunda qulluq eləməyi əsl kişlik məktəbi sayırdıq. Amma artıq 24 ildir ki, belə deyil…

Kişilik məktəbi saydığımız sovet ordusu 24 il öncə, 20 Yanvar gecəsi kişilik imtahanından üzüqara çıxdı. O gündən hər şey dəyişdi. Bizə həmişə vətənpərvərlik hissləri aşılayan filimlərdə gördüyümüz “bizimkilər” 1990-ci ilin 20 Yanvar gecəsi tankları özümüzünkülərin üzərinə sürdülər. Təkcə sürmədilər, xurd-xəşil eləyib keçdilər. Bu tanlkar təkcə yüzdən artıq insanı deyil, sovet düşüncəsini, sovet vətənpərvərliyini yaddaşlardan silib atdı. Və məlum oldu ki, adına “bizimkilər” dediklərimiz əsl düşmən imiş.
Qanlı 20 Yanvar terroru törənəndə mənim 13 yaşım var idi və təbii ki, o zaman mən hələ Sovetlər İttifaqı haqda yanlış illüziyalardan ayrıla bilməzdim. Ancaq özümü həqiqətin gözünə düz baxmağa məcbur edən gündən mən özüm-özümə dedim ki: mən sənə nifrət edirəm sovet ordusu! Ancaq sovet ordusunun törətdiyi əməllər 20 Yanvar faciəsi ilə bitmədi.

Bu qanlı terror davam elədi. Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndində qalmış 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi, yüzlərlə azərbaycanlını uşaqlı-qocalı qətlə yetirildi, girov götürdü. Xocalı soyqırımından üç gün əvvəl öz bayramın təmtəraqla qeyd edirdi sovet ordusu…
Yadında saxla, sənin mənim millətimə qarşı etdiyin terror Azərbaycan durduqca unudula biilməz. Əlbəttə ola bilsin bir çoxlarının xatirəsində 23 fevral sovet ordusunun, ya sadəcə “kişilərin bayramı”kimi xatirələrdə hələ qalacaq. Ancaq mən bu günü bayram kimi qeyd edənləri qəbul edə bilmərəm.
Mən düz 24 ildir ki, sovet ordusuna da, onun “kişilik bayramı” na da nifrət edirəm. Bu torpaq əsrlər boyu vətən uğrunda canından keçən oğullar yetişdirib. Bu torpaq əsrlər boyu böyük alimlər, şairlər, bir sözlə dahi şəxsiyyətlər yetişdirib.

Sovet ordusu! Sən 70 il ərzində bir qorxulu yuxu olaraq bu millətin yuxusuna girib getdin. Ancaq neçə min illik tarixi olan bu millət sənin kimi təcavüzkarları öz torpağında çox görüb, ancaq sonda da hamısını qovub. Necə ki, 1992-93 cü illərdə bütün sovet ordusunu ərazimizdən çıxardıq. Və iki il öncə Qəbələ RLS-də qalan sonuncu rus ( əslində sovet) əsgərini də ölkəmizdən çıxardıq.

“Odlar yurdu” adlanan bu gözəl ölkə onu sevən saysız-hesabsız oğullar böyüdüb, hansılar ki, vətən uğrunda kişi kimi şəhid olub.
Biz sovet ordusunu kişilik məktəbi sayırdıq. Ancaq sovet ordusu 20 Yanvar sınağından nakişi çıxdı.
Mən sənə də, sənin bayramına nifrət edirəm, “Qırmızı ordu”. Bəli, Qızıl ordu yox, məhz qırmızı ordu…

Mahmud Rasimoğlu

Qafqaz Xəbər Agentliyi

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR