Həbslərdən sonra “Boss” “Evdar qadın” oldu
“Azimport” şirkətinin Səbail rayonu ərazisində sakinlərin qarajlarını qanunsuz sökməsi ilə bağlı dəfələrlə məqalə dərc etmişik.
Qısa xatırlatma üçün bildirək ki, şəxsiyyəti məlum olmayan adamlar qaraj sahiblərinə yaxınlaşaraq “bazarlıq” etməyə başlayır və…sonda ümumi dil tapa bilməyəndə səhər qarajın sahibi yuxudan durub qarajını “görmür”.
Hətta hüquq-mühafizə orqanları, məhkəmələrdə “səbəbkarı” guya müəyyən edə bilmir.
Amma son vaxt ölkədə baş verən müsbət proseslər “Azimport” şirkətinin təkcə qarajları deyil, xeyli sayda vətəndaşın əmlakını yer üzündən sildiyini ortaya qoydu.
Dünən Qafqaz Xəbər Agentliyinin redaksiyasına daxil olan məlumatda qeyd olnur ki, “Azimport”un sahibi Rəşad Məmmədovun göstərişi ilə Səbail rayonu ərazisində aparılan sökünti işləri ilə bağlı bir qrup yaranmışdı. Həmin qrupa “Boss” ləqəbli Aynur adlı bir xanım rəhbərlik edib. Sakinlərin dediyinə görə Aynur xanım AA nömrəli avtomobildən gəlib düşərək hər dəfə sakinlərə bir söz deyirdi: “Mən nəinki, “Azimport” şirkətini, həm də burda dövləti təmsil edirəm”.
Bir sözlə, sakinlərdə xof yaradaraq anlatmaq istəyirdi ki, burda “Azimport” öz başına iş görmir. Sakinlərin dediyinə görə Aynur xanımın dəstəsində bir neçə nəfər şəxs olub. Aynur xanımın “söküntü işləri üzrə” sağ əli Azər adlı şəxs olub. Bu qrupda Arzu adlı makler, özünü PA-ın təmsilçisi kimi sakinlərə təqdim edən Nürəddin adlı şəxs və sakinlərlə şirin-şirin danışıq aparıb “Azimport”un maraqların qoruyan Zülfəli adlı şəxs olub.
Əldə etdiyimiz məlumata görə Aynur xanımın həyat yoldaşı FHN-nin polkovnikidir və əslən Qazax rayonundandır. Aynur xanımla telefon əlaqəsi saxladıq və bu məsələyə aydınlıq gətirməsini istədik. Ancaq o muxbirimizə bildirdi ki, məni bu işə qatmayın, mən evdar qadınam.
Qafqaz Xəbər Agentliyi bildirir ki, Rəşad Məmmədov həbs olunanadək iş adamı olan, Səbail rayonu ərazisində “Azimpot” şirkətinin söküntülərinə nəzarət edən “Boss” ləqəbli Aynur xanım, R.Məmmədovun həbsindən sonra bir günün içində evdar qadına çevrildi.
Araşdırmamız davam edir. Bizi izləyin.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)