Natiq Əliyevin DENİ-nin rəisi Pərviz Məmmədovun əməllərindən xəbəri varmı?

namiq-eliyevo (1)Ayda 500-600 manat maaş alan Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi milyonluq villanı hansı pulla tikdirib?

Prezident İlham Əliyev cənabları NK-nin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində bildirib ki: “Mərkəzi və yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işi açılmalıdır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək” İndi gəlin görək, dövlət məmurları ölkə başçısının bu xəbərdarlığına necə yanaşır. Əksər məmurlar öz fəaliyyətlərində dönüş yaratdıqları halda, bəziləri hətta prezidentin tələblərini qulaqardına vururlar. Belələrindən biri də Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsinin rəisi Pərviz Həsən oğlu Məmmədovdur. Cənab Pərviz Məmmədov Bakı şəhərində yeni tikilən binaların, obyektlərin texniki şərtlərinin yerinə yetirilməsinə görə, istismara buraxılması üçün, aktı verməyə görə hər kvadrat metrə üçün “haqq-hesab” tələb edir. Məsələn, “Qafqaz otel”, “Cemera otel” və s. kimi obyektlər hələ də bu günə kimi sənədlərini qaydaya sala bilmirlər. Ölkə prezidentinin nəzarətində olan “Nizami” kinoteatrı kimi mühüm mədəniyyət obyekti bu günə kimi Pərviz Məmmədovdan sənəd ala bilmir. Səbəb ölkə başçısının dediyi “bəla”dır. Məhz bu “bəla”nın hesabına Pərviz Məmmədov Xətai rayonu M.Hadi küçəsində Xətai DY Polisinin binası ilə üzbəüz yerləşən yeni göydələn binanın 3-cü blokunda hər ailə üzvü üçün sahəsi 200 kv.m olmaqla 600 kv.m sahəsi olan mənzil alıb. Sual oluna bilər ki, ayda 500-600 manat maaş alan Pərviz Məmmədov Qəbələ rayonunda özünə məxsus dəyəri milyonlar olan möhtəşəm villanı hansı pulla tikdirib? Ən dəhşətlisi odur ki, Pərviz Məmmədov Sənaye və Energetika Nazirliyində korrupsiyaya qarşı mübarizə komissiyasınıln üzvüdür. Hətta Pərviz Məmmədov “Əməkdar mühəndisdir”. Bizə elə gəlir ki, Pərviz Məmmədov başqa sahənin “əməkdar”ıdır… Görəsən, onun əməllərindən cənab nazir Natiq Əliyevin xəbəri yoxdur? Pərviz Məmmədovun dəyəri milyonlarla ölçülən digər mülkləri və başqa əməlləri barədə növbəti yazıda tanış ola bilərsiniz. Qarşı tərəfin mövqeyini işıqlandırmğa hazırıq. Bizi izləyin.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR