2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması bütün diqqəti bu sahəyə yönəldib.
Kənd Təsərrüfatı Nazirliyi bu il kənd təsərrüfatının inkişafında əsaslı addımların atılacağını vəd etmişdi. Lakin ekspertlər məhsul istehsalının azalacağını, əvəzində isə qiymət artımının baş verəcəyini proqnozlaşdırır.
Səbəblər isə müxtəlifdir. Təbii ki, fermerlərin texnika ilə təminatında yaranmış problemlər də öz sözünü deyir. Bəs bu il texnika çatışmazlığı həllini tapacaqmı?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, texnika problemi həllini tapmayacağınadək məhsul bolluğundan danışmaq olmaz.
V.Məhərrəmov virtualaz.org saytına texnika çatışmazlığının səbəblərindən danışıb: “Son 20 ildə kənd təsərrüfatı texnikasının sayı ciddi şəkildə azalıb. Bundan əlavə, fermerlərdə olan maşınların, qoşquların əksəri istismar müddətini tamamlayıb. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda hər bir kənd təsərrüfatı texnikasına düşən əkin sahəsinin həcmi dəfələrlə çoxdur. Hətta Azərbaycanda bir kartofyığan kombayna 1990-cı ildə 567 hektar sahə düşdüyü halda indi 3104 hektar düşür. Pambıqyığan maşına 1990-cı ildə 72 hektar, indi isə 1127 hektar yük düşür.
Həmçinin qarğıdalıyığan kombaynın yükü 36 hektardan 8409 hektara qədər artıb. Toxumsəpən texnikanın sayı isə 20 ildə 4 dəfə azalıb.
Texnika çatışmazlığına görə əkin, səpin və biçin işləri vaxtlı-vaxtında aparılmır, gecikmələr olur. Bu da öz növbəsində məhsuldarlığın azalmasına, vaxt, məhsul itkisinə səbəb olur”.
Ekspert dedi ki, bölgələrdə texnika ilə təminata dair hesabat tam reallığı əks etdirmir: “Araşdırmalar göstərir ki, fermerlər hələ də əl əməyindən istifadə edir. Bu isə özünü qiymətlərdə göstərir, rəqabət qabiliyyətini zəiflədir. Mövcud olan toxumsəpən maşınla 1 milyon hektaradək sahədə payızlıq taxıl səpini aparmaq real deyil. Onu da nəzərə almaq lazımdır ki, bu texnikaların əsas hissəsi artıq istismar müddətini başa vurub, köhnəlib”.
V.Məhərrəmovun sözlərinə görə, taxılsəpən maşına ehtiyac olduğu halda Avropadan çox baha qiymətə kombaynlar alınır: “Təsəvvür edin taxılsəpən çatışmadığı halda baha qiymətə taxılyığan kombaynlar gətirirlər, üstəlik fermerlərin tələbatı nəzərə alınmır. Amma nəzərə almaq lazımdır ki, əvvəlcə taxılı səpmək, sonra bicmək lazımdır. Təəssüf ki, bu sahəyə nəzarət edən məmurlar əsasən harada çoxlu pul dövriyyəsi varsa, ora maraq göstərirlər”.
Əldə olunan məhsulun kondisiyaya salınması, uzun müddət saxlanması, muasir tələblərə uyğun formada qablaşdırılması, daşınması məsələləri də hələ öz həllini tapmayıb.
V.Məhərrəmov qeyd etdi ki, istehsal olunan taxıl məhsulunun biçindən sonra qurudulması, təmizlənməsi, çeşidlənməsi kimi vacib proseslər də həyata keçirilmir: “Elə bu səbəbdən də ölkənin ərzaq buğdasına olan tələbatı tamamilə xaricdən idxal olunan buğdanın hesabına ödənilir. Ötən illərdə ölkəmizə 1 milyon 500 min ton buğda idxal olunub. Bu qədər məhsulun idxal dəyəri isə 420 milyon dollar təşkil edib. Bizim fermerlərin maliyyə vəsaitinə daha ciddi ehtiyacı olduğu halda milyonlarla dollar digər ölkələrin fermerlərinin cibinə axır”.
Mütəxəssis olkə əhalisinin ərzaq məhsullarına olan tələbatının bu il yerli məhsullar hesabına ödəniləcəyi vədinin elə vəd olaraq qalacağına əmindir.