Milli Məclisin üzvü Fəzail Ağamalı: “ Faciənin günahkarları cəzalandırılacaq”

publika.az1406881146F.Agamali_131Azərbaycan Respublikası Baş Prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin Bakıda yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı birgə açıqlamasında qeyd olunur ki: “ Prezident İlham Əliyev yanğınla bağlı məsələni şəxsi nəzarətinə götürüb”.
Açıqlamada bildirilir ki, 2015-ci il may ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib: “ Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb ediliblər. Hadisə yerinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və paytaxtın polis orqanlarının əməkdaşları tərəfindən təmin edilib. Operativ surətdə həyata keçirilmiş tədbirlərlə binanın 27 sakini təxliyə olunub, 37 nəfər xilas edilib. Təxminən saat 14 radələrində yanğın lokallaşdırılıb, yaxınlıqdakı binalar yanğından mühafizə olunub. Bununla belə, ilkin ehtimallara görə binanın fasadından başlayan və qısa müddətdə böyük bir hissəsini əhatə edən yanğın nəticəsində 16 nəfər ölüb, 60 nəfər isə yanıq xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə yerləşdirilib. Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsləri, respublikanın Baş prokuroru və daxili işlər naziri hadisə yerinə çıxıblar.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci – ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb”. (1news.az).
Faciə ilə bağlı millət vəkili Fəzail Ağamalının fikirlərini öyrəndik. O, Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirdi ki, əminəm ki, ölkə başçısı faciə ilə bağlı araşdırmanı öz nəzarətinə götürəcək və bütün günahkarlar məsuliyyətə cəlb olunacaq: “ Eyni zamanda keyfiyyətsiz üzlük materiallarından tikintidə istifadə edənlər məsuliyyətə cəlb olunacaq. Həm də onlarla bərabər keyfiyyətsiz üzlük materiallarından istifadəyə icazə verənlər də məsuliyyətə cəlb olunacaq”.

Araz Мəmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR