FHN-in əməkdaşı Baş prokurorun dediyini inkar edir

zakir-qaralov2Bir neçə gün əvvəl dövlət komissiyasının iclasında çıxış edən Baş prokuror Zakir Qaralov bildirmişdi ki, hadisə baş verəndən dərhal sonra ölkə başçısının göstərişi ilə istintaq-əməliyyat qrupu hadisə yerinə çıxıb: “Baş vermiş bu ağır faciənin səbəblərini araşdırmaq üçün istintaq-əməliyyat qrupuna Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Baş Prokurorluğun ixtisaslı mütəxəssisləri cəlb edilib. Hadisə ilə əlaqədar həmin binaya vurulan üzlüklərin istehsalı ilə məşğul olan “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, Miryusif Mahmudov 2010-cu ildən bu işlə məşğul olmağa başlayıb və ona ilk uyğunluq sertifikatı da elə həmin il verilib”.
Z. Qaralov onu da qeyd edib ki, “Global Construction” şirkətinə uyğunluq sertifikatını Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib və hər il həmin sertifikat yenilənib: “Həmin sertifikatda yazılıb ki, bu üzlüklər inşaat sektorunda bina və tikililərin üzlənməsində istifadə edilə bilər. Ən əsas məsələ ondadır ki, bu işləri görən şirkət rayon İcra Hakimiyyəti ilə müqavilə bağlamadan fəaliyyət göstərib. Müəyyən edilib ki, müqaviləsiz 14 binanın üzlənməsi həyata keçirilib. Məlum məsələdir ki, bu işə başlamazdan əvvəl hər bina üzrə layihələndirmə işi aparılmalıdır. Bu layihələr Fövqəladə Hallar Nazirliyinə təqdim olunmalıdır və nazirlik layihələndirməyə razılıq verəndən sonra bu işlər davam etdirilməlidir”.
Baş prokurorun Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu ilə bağlı dedikləri nə dərəcədə həqiqətə uyğundur..?
Həmin institutun direktorunun köməkçisi Səbuhi Dünyamalıyev Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirb ki: “ Biz sertifikat vermirik. Sertifikatların verilməsi ilə Standartlaşma və Patent üzrə Dövlət Komitəsi məşğul olur”.
Baş prokuror öz çıxışında onu da qeyd edib ki, “Global Construction” şirkəti Bakı ŞİH ilə müqavilə bağlamadan 14 binaya üzlük çəkib”.
Həqiqətənmi, Bakı ŞİH üzlənən 14 binanı “görməyib”..?
Bakı ŞİH-nin mətbuat xidmətinin başçısı Nailə Məmmədova Qafqaz Xəbər Agentliyinin (qafqaznews.org) sualına belə cavab verib: “Xahiş edirəm mənə bu sualı verməyin”.

Rəşad Rüstəmov,Araz Kərəmoğlu

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR