Bu binada 25 gündür ki, işıq yoxdur

img1821494Bakıda “Badü-Kubə”də 25 gündür ki, işıq yanmır. Bu barədə “Qafqazinfo”ya Suraxanı rayon Yeni Günəşli qəsəbəsi, V-massivi bina 13 A-da yaşayan sakinlər məlumat verib. Onlar Badü-Kubə Mənzil-Tikinti Kooperativinin rəhbəri Ədalət Qəmbərovdan şikayətçidirlər.
Belə ki, onlar artıq 25 gündür ki, işıqsız qalıblar: “Üç ildir ki, 50-yə yaxın ailə bu binada qalır. Vəziyyət çox acınacaqlıdır. Binanın 10 ildən artıq tikilməsinə baxmayaraq nə suyu, nə işığı, nə qazı, nə də ki kanalizasiya sistemi var. Qaz ancaq balonlarla eyvanda saxlanılır. Canlı bombadır, hər an partlaya bilər. Kanalizasiya sistemi olmadığından həyətdə quyu qazılıb, axşamlar üfunətdən dayanmaq olmur. Ədalət Qəmbərov 3 il əvvəl bizə dedi ki, binaya köçün 3 aya hər şeyiniz olacaq”.
Sakinlər işığın “Azərişıq”dan müvəqqəti çəkildiyini, ancaq mayın 5-dən sonra onun da kəsildiyini deyir:“Səbəbini soruşduq, dedilər 2500 AZN borcunuz var. Halbuki, biz hər ay Badü-Kubə MTK-ya artıqlaması ilə pulu ödəmişik, deməli, işıq pulu mənimsənilib. Nə vaxt şikayət etsək, Ədalət Qəmbərov deyir, pulum yoxdur, gözləyin digər binalarda satış getsin. Digər binalardakı evlərin hamısına ancaq qara suvaq vurulub. İnanmırıq ki, o mənzilləri alan olsun”.
Qeyd edək ki, şikayətçi sakinlərin gələn həftə Suraxanı rayon icra başçısı ilə görüşü gözlənilir.
“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya bildirib ki, binanın işığı aylıq məvacib ödənilmədiyi üçün kəsilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR