102 xidməti (təcili yardım) 1 sutkadır gəlib çıxmır
Dünən QAFQAZNEWS.AZ saytına müraciət edən vətəndaşın başına gələn qanunsuzluqları müvafiq dövlət qurumlarının nəzərinə çatdırırıq. Müraciətdə deyilir:
“Mən 10 fevral 2014-cü il tarixdə saat 18-00 radələrində Binəqədi rayonu ərazisində “Monte Kristo” şadlıq evinin yaxınlığında Azadlıq küçəsinə çıxan yerdə “Qoşa Lukoil” yanacaqdoldurma məntəqəsinin düz yanında “Mercedes C-Klas” markalı avtomobilimlə hərəkət edirdim. Mənimlə paralel hərəkət edən “PRADO” markalı avtomobil qəfildən mənim yoluma çıxaraq avtomobilimi vurdu.
Bu hadisə işıqforda, izləmə kamerasının düz altında baş verdi. Mən avtomobilimi saxlayaraq polis çağırmaq istədim. Mən avtomobilimi saxlasam da “PRADO”-nun sahibi sürətlə maşını sürərək hadisə yerindən uzaqlaşdı. Qarşıda tıxac olduğu üçün onun arxasınca sürərək çatdım və ondan saxlamağı tələb elədim. Həmin şəxs “PRADO”-dan düşərək öz avtomobilinə nəzər saldı və təzədən sürərək uzaqlaşdı. Mən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək 99-EV-192 nömrəli avromobilin mənim maşınımı vuraraq qaçdığı barədə məlumat verdim. “102”-dən mənə bildirdilər ki, Binəqədi rayonu YPX-nin əməkdaşları sizinlə əlaqə saxlayacaq. Mən bir müddət gözləsəm də heç kim mənimlə əlaqə saxlamadı. Məcbur olub təzədən mənim avtomibilimi vurub qaçan “PRADO”-nu axtarmağa başladım. Tıxac olduğu üçün hərəkət etmək çətin idi. Yenidən ona çataraq Vorovski qəsəbəsində Daxili Qoşunların hərbi hissəsinin yanında qaçan sürücünü yenidən saxlatdım. Və maşından düşərək ondan soruşdum ki, niyə mənim avtomobilim vuraraq qaçırsan, düş polisə zəng edək gəlib araşdısınlar. O mənə bildirdi ki, mən şəkər xəstəsiyəm, mənə əsəbiləşmək olmaz, hətta hədə-qorxu gələrək bildirdi ki, polkovnikəm, Sərhəd Qoşunlarında xidmət edirəm, adım Cavanşirdir. Sonra sürüb getdi.
Mən 2-ci dəfə 102-yə zəng elədim ki, kömək edin, mənim avtomobilimi vuran sürücü qaçır…
Ancaq sonuncu zəngimdən 1 sutka keçsə də, hələ bir xəbər yoxdur”.
Vətəndaş haqlı olaraq soruşur ki, “102” xidməti DİN-in qaynar xəttidir, yəni vətəndaşlara operativ xidmət üçün nəzərdə tutulub, əgər belə demək mümkündürsə, “təcili yardım”dır. Ancaq 1 sutkadan artıqdır ki, “təcili yardım” gəlib çıxmır.
Zərərçəkən vətəndaş Dövlət Sərhəd Xidmətinin ( DSX ) rəisi, general-leytenant Elçin Quliyevdən soruşur ki, siz dəfələrlə bildirmisiniz ki, sərhəd xidməti elitar xidmətdir. Cənab Quliyev, əməkdaşınız olan polkovnik Cavanşirin (özünü belə təqdim etdi) bu biabırçı hərəkətləri nəinki elitarlığa, heç adi insana yaraşan hərəkət deyil. Həm də qəzanı törədib hadisə yerindən qaçmaq birbaşa cinayətdir.
Maraqlıdır ki, şəkər xəstəsi olan, əsəbi olduğu çəkilişdən açıq-aşkar hiss olunan polkovnikə DSX-nin poliklinikası sağlamlıqla bağlı hansı arayış verib? Suallar çoxdur. Növbəti yazımızda müvafiq dövlət qurumları tərəfindən bu suallara cavab almağa çalışacağıq.
Bizi izləyin.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Sənan Məmmədli
Qafqaz Xəbər Agentliyi “Qafqaznews”