Tikinti şirkətləri qanunları necə pozur

1409548951_0001İl yarımdır ki, tikinti şirkətləri mənzil tikintisinin maliyyələşməsi üçün mənzil sertifikatı buraxmır. Halbuki bu dövrdə mənzil tikintisi genişlənib.

Mənzil sertifikatlarının buraxılşı və dövriyyəsi üzrə normativ hüquqi baza 2008-ci ilin əvvəlində formalaşıb. Həmin ildə 4 buraxılış üzrə 19,6 mln manatlıq 256 mənzil sertifikatı yerləşdirilib. 2009-cu ildə Qiymətli kağızlar üzrə Dövlət Komitəsi 277,1 mln manat məbləğində 387 ədəd mənzil sertifikatının satışı üzrə bir buraxılışı qeydiyyata alıb. Onların predmeti 81,8 min m2 sahə olub.

Sonrakı illərdə də mənzil sertifikatları populyar olmayıb. 2011-2012-ci illərdə onları yalnız bir emitent buraxıb. 2012-ci ildə buraxılan sertifikat sayı 500-dən 96 ədədə enib. 2012-ci ildə bu qiymətli kağızlarla zəmanət verilən mənzil sahəsi 9 823 m2 və ya 2011-ci ildəkindən (29,2 min m2) 66% az olub. Şirkətlər bu sertifikatlar üzrə investorlardan 61,8 mln manat (+4,5 dəfə) cəlb etmək istəyib.

İqtisadçı Əli Məsimli hesab edir ki, mənzil sertifikatlarının az yayılmasına səbəb Azərbaycanda qiymətli kağızlar bazarının zəif inkişaf etməsi, mənzil bazarında isə bunun lap zəif olması, qiymətli kağızlara inamın az olması, tikinti şirkətlərinin xeyli hissəsində kölgəli münasibətlərin çoxluğu və sairdir. Həmçinin şirkətlərin əhalidən vəsait cəlb etməsinin başqa imkanları da var, deyə deputat Turan-a bildirib.

Məsimli qeyd edib ki, Azərbaycanda QK-ın bu növünün inkişafı üçün resurslar bitməyib. Beynəlxalq praktikada özünü doğruldan üsullardan istifadə etməklə izahat və təbliğat işləri aparılmalıdır ki, şirkət də, vətəndaş da bunun faydasını anlasın.

Mənzil sertifikatı fiziki və hüquqi şəxslər arasında yerləşdirilən qiymətli kağız növlərindəndir. Onun nominal qiyməti mənzilin ümumi sahəsi və pul ekvivalentində ifadə edilir. Bu sənəd onun sahibinə bu qiymətli kağızlar hesabına tikilən binada mənzil əldə etmək hüququ verir. Mənzil sertifikatı tikinti başa çatıb hazır mənzil sahibinə veriləndən və bu hüquq dövlət qeydiyyatına alınadan sonra emitent tərəfindən ödənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR