Qafqaz Xəbər Agentliyinin məlumatına görə Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi tərəfindən 15 iyun – Milli Qurtuluş Günü münasibətilə hazırlan sənədli filmin təqdimatı keçirilib. Tədbirdə çıxış edən təşkilatın sədri Ramiq Vəliyev Azərbaycan xalqının 1990-1993-cü illərdə üzləşdiyi çətin şəraiti xatırladıb. «Bir tərəfdən erməni işğalı, digər tərəfdən hakimiyyət daxili hərc-mərclik ölkəni və vətəndaşları çox çətin sınağa çəkirdi. Əgər ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı, uzaqgörənliyi, səriştəsi olmasaydı, bu proseslər xalqımız və dövlətimiz üçün çox ağır nəticələrə səbəb olardı. Bu səbəbdən xalqımız ümummili liderin xatirəsini həmişə əziz tutmalı və onun dövlətçilik təcrübəsini öyrənərək dövrümüzdə tətbiq etməlidir» -deyə Ramiq Vəliyev çıxışında qeyd edib.
Daha sonra çıxış edən təşkilatın sədr müavini Aysel Vəlizadə ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və geniş təbliğ edilməsində gənclərin aktiv rolunun zəruriliyinə diqqət çəkib. GMİİB olaraq bu mühüm vəzifəni layiqincə icra etməyə çalışdıqlarını bildirib. Təşkilatın üzvü Rövşən Əkbərov isə öz çıxışında Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsaslarından və bunun ölkəmizin gələcək inkişafındakı həlledici rolundan danışıb.
Daha sonra GMİİB tərəfindən hazırlanan «15 iyun- Tarixin şanlı səhifələri» adlı sənədli film nümayiş etdirilib. Filmdə 15 iyuna qədərki hadisələr və Heydər Əliyevin yaranan gərgin vəziyyəti sabitləşdirib ölkəni uzunmüddətli inkişaf yoluna çıxartmasından bəhs olunur. Həmçinin ümummilli liderin vətənpərvər ruhu, cəsarəti, Azərbaycana məhəbbəti filmin xüsusi diqqət çəkən cəhətidir.
Tədbirdə mətbuat nümayəndələri və təşkilat üzvləri iştirak edib. Filmi GMİİB-in rəsmi saytından (www.gmiib.org), youtube və sosial media səhifələrindən, həmçinin bir çox internet saytlardan izləmək mümkündür.
“Qafqaznews”