İnformasiya kommunikasiya texnologiyaları üzrə ekspertlərin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Bakcell” və “Azərfon” mobil operatorlarının bu xidmətdən gözləntiləri böyük idi. Lakin hər şey əksinə oldu. Mobil Nömrə Daşınması Xidməti 8 il yubadılıb. İctimaiyyətə bunun səbəbi texniki prosedurla izah olundu. Xəbərdə deyilir ki, bu məsələdə pərdəarxası məqamlar var. Məlum olub ki, əslində, “Bakcell” və “Azərfon” bu xidmətə 2 il qabaq hazır olduqlarını bəyan ediblər. Ancaq “Azərcell” bu sahəni inhisara alıb deyə mümkün olmayıb. Şirkət bütün sektorları bir əldə cəmləşdirib və mobil operator bazarında hegemonluq etməyi qarşısına məqsəd qoyub. Bildirilir ki, MND, yəni nömrələrin daşınması nazirlikdə müzakirə olunmağa başlayanda “Azərcell” şirkəti təşvişə düşüb. Şirkət rəhbərliyi dərhal buna texniki cəhətdən hazır olmadığını açıqlamaqla işi yubatmağa nail olub. Bu baxımdan digər mobil operatorlar gözləməli olub. Bu xidmət o zaman istifadəyə verildi ki, hər abonentdə artıq 3 mobil operatorun sim-kartı vardı. Odur ki, şirkət 776 abonentini itirib. Bu isə “Azərcell”dən kütləvi şəkildə narazılıq olduğu və əhalinin imtina etməyə başladığı anlamına gəlir. ( Tia.az ) Yazılanların nə dərəcədə həqiqqətə uyğun olub-olmadığını müəyyən etmək üçün “Azərcell” şirkətinə müraciət etdik. Şirkətin əməkdaşı Qafqaz Xəbər Agentliyinə bildirdi ki, tia.az-da yazılanlar həqiqətə uyğun deyil: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə Mobil Nömrə Daşınması Xidməti eyni vaxtda bütün operatorlar üçün yaradılıb”. “Azercell”in 776 abonentini itirməsi doğrudurmu?” sualına şirkətin əməkdaşı belə cavab verdi: “ Hazırda bizdə belə statistika yoxdur”. Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə tia.az-ın yazdıqlarını təsdiqlədi: “Azərcell-də Mobil Nömrə Daşınması Xidmətinin yaradılmasının gecikdirilməsi şirkətin texniki problemləri ilə bağlı idi. Biz həmişə onları tələsdirirdik. Ancaq Azərcell xidməti nəzərdə tutulan müddətdən gec yaratdı”.
Rəşad Rüstəmov
“Qafqaznews”