İqbal Ağazadə: “Birdə görürsən ki, ən yüksək bal toplayan müsabiqədən keçmir, ən aşağı bal toplayan isə keçir”

igbal-agazade“Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin son variantını Nazirlər Kabinetinə təqdim etmişik. Belə məcəllə səhv etmirəmsə iki və ya üç ölkədə var. Biz istəyirik ki, Azərbaycanında da Dövlət Qulluğu Məcəlləsi olsun”

APA-nın xəbərinə görə bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

Komissiya sədri bildirib ki, məcəllə qəbul olunacağı təqdirdə Dövlət Qulluğu sahəsində böyük irəliləyiş əldə olunacaq. Xəlilov qeyd edib ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə bəzi dövlət orqanları ciddi yanaşmayıb: “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi hətta inkişaf etmiş ölkələrdə risklə qarşılanır. Biz bu işin vacibliyini nəzərə alıb təlimlər keçirdik və Azərbaycana uyğun olan təcrübəni tətbiq etdik. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları 2011-ci ildə təsdiqlənib. Bu işdə müəyyən qədər subyektivlik var. Hazırda bütün dövlət orqanlarında qiymətləndirmə aparılır. Hansı dövlət orqanları bu işə ciddi yanaşıb, hansı ciddi yanaşmayıb bu barədə mənim məlumatım var. Adını açıqlamayacağam, bir icra hakimiyyətində dövlət qulluqçularının xidməti fəaliyyətinin ən aşağı qiyməti 5 ballıq sistemdə 4,6 balla qiymətləndirilmişdi. Bu, qeyri-mümkündür. Deməli, onlar bu işə ciddi yanaşmayıblar. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi asan məsələ deyil. Bu bizə ilk növbədə dövlət qulluqçularının güclü və zəif tərəflərini müəyyən etməyə imkan verir. Qiymətləndirmə isə karyera yüksəlişi üçün vasitədir. Bu işdə kimin kimdənsə xoşu gəlmir prinsipi ilə hərəkət etmək olmaz”.

Komissiya sədri onu da əlavə edib ki, dövlət qulluğu sahəsində etik davranışla bağlı müəyyən problemlər var: “Biz vətəndaşlara xidməti yüksək səviyyədə göstərməliyik. Dövlət qulluğu ilə bağlı standartlar var və hər kəs bu standartlara əməl etməlidir. Vətəndaşlar xidmətdən məmnun qalmalıdır. Təəssüf ki, bu məsələdə çoxlu problemlər var. İnanıram ki, gələcəkdə bu sahədə problemlər azalacaq”.

Biz də Qafqaz Xəbər Agentliyi olaraq yeni məcəllə ilə bağlı hansı ciddi irəliləyişlər olacağını öyrənmək üçün Milli Məclisin üzvü Məlahət Həsənova ilə əlaqə saxladıq.

“Çox yaxşı təklifdir. Mən də hesab edirəm ki, belə bir Məcəllənin, belə bir qanunun qəbul olunması çox önəmlidir. Biz sağlamlıqla bağlı da təklif eləmişdik ki, sağlamlıq məcəlləsi olsun”.

Müxbirimizin “indi bu məcəllənin olmamağı hansı problemlərə yol açır” sualına Məlahət Həsənovanın cavabı belə oldu: “Bu məcəllənin olmamağında  elə ciddi  problemlər yoxdur, amma çətinliklər yaradır. Bu mənada belə bir məcəllənin olması önəmlidir. Dövlət qulluğunda çalışanlar üçün də asan olar”.

Müxbirimizin” bəs indi bu məcəllənin qəbulunda hansı irəliləyişlər olacaq?”sualına isə Məlahət Həsənova cavab verdi ki:

“Mənim fikrimcə belə bir məcəllənin qəbulu üçün beynəlxalq təcrübə mütləq öyrənilməlidir. Beynəlxalq təcrübəni öyrəndikdə  bununla bağlı müsbət dəyişikliklər ortaya çıxa bilər”

Məsələ ilə bağlı Milli Məclisin digər üzvü İqbal Ağazadə ilə də əlaqə saxladıq.

“Çox doğrudur ,dövlət qulluğu haqqında qanuna əsasən məcəllə hökmən olmalıdır. Və bu məcəlləyə də uyğun tənzimlənməlidir.Əvvəlcə qanunvericilik bazasını yaratmaq lazımdır. Sonra icrada təkmilləşdirmək istənilən vaxt mümkündür. Əvvəlcə qanunvericilik bazası olmalıdır ki ,istinad yeri olsun” ,-deyə İqbal Ağazadə məsələyə münasibətini  bildirdi.

“Hal -hazırda bu məcəllənin olmadığı təqdirdə hər hansısa problemlər yaranırmı?” sualına isə İqbal Ağazadənin cavabı belə oldu:

“Əlbəttə problemlər var. Birdə görürsən ki, ən yüksək balı toplayan vətəndaş birinci mərhələdə müsabiqədən keçmir, ən aşağı bal toplayan müsabiqədən keçir və dövlət qulluğunda işləyir. Buna görə bu məcəllə mütləq lazımdır”

Araz Məmmədov

“Qafqaznews”

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR