Azərbaycanlı deputata vəhabi dedilər

73042Bunu yas mərasimlərinin birini idarə edən molla deyib

Bir az əvvəl nurçu adlandırılan millət vəkili Fazil Mustafaya indi də vəhabi dedilər.

ANS PRESS-in məlumatına görə, yas mərasimlərində təmtəraqlı ehsan verilməsini pisləyən Fazil Mustafaya qarşı kampaniya başlayıb. Deputat yas mərasimlərinin birini idarə edən molla tərəfindən vəhabi adlandırıldığını deyir:

“Dostlardan biri məlumat verdi ki, dünən Bakıxanov qəsəbəsində yas məclisini aparan molla, ehsanların yığışdırılması ilə bağlı belə bir izah verib: “Yaslarda yemək yemək bizim milli adətimizdir, ehsan verməməyi təbliğ edənlər vəhabilərdir, onların başında da Fazil Mustafa durur”. Demək ki, ehsan mafiyası artıq öz müqavimət formasını tapıb. Qarınlarını doydurmaq üçün yoxsul insanların iztirabdan qurtulmasını belə əngəlləməyə çalışırlar. Həmin mollanın kimliyini araşdırıram və təbii ki, məsələnin mənbəyinə gedib çıxmağa çalışacağıq.”

Millət vəkili sosial şəbəkələrdə də təzyiqlərlə qarşılaşdığını deyir: “Maraqlıdır ki, dünən İrandan idarə olunduğu bəlli olan Şanlı İldırım adlı profildən də təhqiramiz mesaj aldım və orada da məni yəhudilərə işləməkdə suçlayırdı. Ötən günlərdə də burada paylaşmışdım, xüsusi xidmət orqanlarımızla bağlılığı olan bir ilahiyyatçı Türkiyə kanalında məni nurçu adlandırmışdı. İndi qalmışam məəttəl, bunlar arasında görünür koordinasiya yoxdur müəyyən etsinlər mən kiməm!

Aşıq Ələsgər gözəl demiş, deyilmi? Hərcayıdan, müxənnəsdən, nakəsdən. Nə qalmadı sənətkara dəyməmiş.
Dostlar, bu yolda hər şey deyəcəklər, Allahı, İnsanı və Vətəni sevməyin bəlkə də çiləsidir bu. Devlərin aşqı da, çiləsi də böyük olur!

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR