“Azİmport” 540 işçinin maaşını vermir

1436301150“Azİmport” MMC 4 aydır əmək haqlarını vermədiyi 540 işçinin növbəti dəfə pullarını ödəməkdən imtina edib.    Bu barədə Axar.az-a “Azİmport” MMC şirkətinin “Şanxay” adlanan ərazidə yol kənarındakı tikililərin dam örtüklərini və divarlarını rəngləyən işçiləri məlumat verib.    Ötən həftə işçilərə şirkətdən bildirmişdilər ki, bu həftə ərzində əməkhaqları hissə-hissə ödəniləcək. Bu gün onlara çatacaq haqlarını almaq üçün şirkətə gedən işçiləri “Azİmport” MMC-dən SOCAR-a göndəriblər:   “Şirkətdən dedilər ki, bizə pulu SOCAR verməlidir. SOCAR pulu gecikdirdiyi üçün əməkhaqlarımız ödənmir”.   Elə bu səbəbdən işçilər haqlarını tələb etmək üçün SOCAR-a üz tutublar. Dövlət Neft Şirkətindən isə Kamil adlı rəis müavini işçilərə haqlarını onlardan deyil, çalışdıqları şirkətdən tələb etməli olduğunu bildirib.   SOCAR-dan işçilərə deyilib ki, Neft Şirkətinin “Azİmport” MMC ilə heç bir müqaviləsi yoxdur. Həmçinin, SOCAR MMC-yə heç bir ödəniş də etməli deyil:   “SOCAR-dan deyirlər ki, bizim sizin çalışdığınız şirkətə borcumuz yoxdur. Hansısa pul ödənilməli də deyil. Deyirlər “gedin pulunuzu “Azİmport”dan tələb edin”.   Qeyd edək ki, “Azİmport” MMC şirkəti “Şanxay” adlanan ərazidə yol kənarındakı tikililərin dam örtüklərini və divarlarını rəngləyən işçilərin maaşlarını 4 aydan çoxdur ki, ödəmir. Əmək haqqını ala bilməyən işçilərin sayının 540 nəfər olduğu deyilir. “Azİmport” MMC-nin işçilərə ümumilikdə 1.838.000 manat borcunun olduğu bildirilir.    Xatırladaq ki, “Azİmport” MMC-nin sahibi, Dövlət Bayrağı Meydanı Kompleksi idarəsinin sabiq rəisi Rəşad Məmmədov mayın 14-də həbs edilib. Hazırda şirkətə onun şəriki Azər Əsgərov rəhbərlik edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR