Deputatlar maaşla necə dolanırlar?

milli mecİnsanların maaşı mənim maaşımdan xeyli aşağıdır

Son günlər mətbuatda millət vəkili Hadı Rəcəblinin deputat maaşı ilə “dola bilməməsi” ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə yol açdı.

H.Rəcəbli sonradan fikirlərini təkzib etsə də maraqlıdır, onun həmkarları deputat maaşı ilə dolana bilirlərmi?
Qafqaznews.az-ın  məlumatına görə  AzVision.az bu sualla millət vəkillərinə müraciət edib.
Deputat Fazil Mustafa bildirib ki, aldığı maaş onu qane edir: “Aldığım deputat maaşı, əlbəttə məni qane edir. Əgər deputat maaşım olmasa, həm seçicilərlə iş çətin olar, həm də özümüzün hərəkət etməyimiz mümkün olmaz. Ona görə də düşünürəm ki, aldığım maaş normaldır”.
Digər həmkarı Çingiz Qənizadə isə aldığı maaşa görə Allaha şükür edib: “Bəli, maaşım məni qane edir. Allah buyurur ki, hər bir əldə etdiyin ruzini alarkən, şükür elə. Mən aldığım əməkhaqqı ilə şükür edirəm və bu gün nəzərə alsaq ki, bəzi dövlət qulluqçularımızın , hətta yüksək vəzifə tutan, tutmayan insanların maaşı mənim maaşımdan xeyli aşağıdır, təbii ki, mən şükür etməliyəm. Və bu yaxınlarda əmək haqqım 300 manat artdı və belə hesab edirəm ki, bu gün Azərbaycanda əmək haqqı sisteminə baxdıqda, millət vəkilləri yüksək əmək haqqı alanlar sırasındadır və buna min şükür”.
Deputat Zahid Oruc aldığı maaşla problemlərini həll edə bilir: “Bilirəm ki, bu sual- bizim həmkarımızın özünün qeyd etdiyinə görə, vermədiyi müsahibədən yaradılmış olan informasiyanın əsasında meydana çıxıb. Lakin düşünürəm ki, hətta o müsahibə verilibsə də, məqsəd niyə tələbatların dəyişməsini qabartmaq olub? Müsahibədə niyə deputatların dolanıb-dolanmaması məsələsini nəzərə çatdırmaq niyyəti güdülməyib? O ki qaldı , mənim özümə, cəmiyyətdə nə qədər böyük əlaqələrə malik olmuş olsam da, aldığım maaşla, həyatımı planlaşdırmağa çalışıram.
Millət vəkilinin sözlərinə görə, deputat biznes fəaliyyəti ilə məşğul ola bilməz: “Bu cəhətdən iki məsələni nəzərə alıram: birincisi odur ki, biz xalqın təmsilçisiyiq və çevrəmizdə olan ən az təminatlı insanlarla özümüz arasındakı proporsionallığı təmin etməliyik. Bu məqamı biz unuda bilmərik. İkinci məsələ ondan ibarətdir ki, təbii ki, parlament üzvü olmaq müəyyən bir məsuliyyət yaradır. Bu da ondan ibarətdir ki, bütün hallarda sən biznes fəaliyyəti ilə məşğul ola bilmərsən və əvvəldən nəzərə almalısan ki, deputatsansa, bu, müxtəlif məhdudluqlar tələb edir səndən. Sən bu görəv uğrunda mübarizə apararkən bunu mütləq nəzərə almalısan. Ona görə, bu vəziyyətdə həmkarlarımın timsalında kiminsə maaşdan gileyləndiyinin şahidi deyiləm. O cümlədən, özüm də bu məsələdə əlavə bir problem görmürəm”.
Milli Məclisin deputatı Musa Qasımlı da aldığı maaşa şükür edən millət vəkillərindəndir: “Aldığım maaş məni təmin edir və buna görə də şükür edirəm”.
Deputat Asim Mollazadə isə maaşla bağlı fikirlərini belə ifadə etdi: “Mən bununla bağlı onu deyə bilərəm ki, ilk növbədə müəllim və həkimlərim maaşı qaneedici olmalıdır ki, sonra da deputatlardan danışmaq mümkün olsun”.
Millət vəkili Aqil Abbas deputat maaşının onu qane etdiyini dedi: “Bəli, aldığım deputat maaşı məni qane edir. Niyə qane etməsin axı? Necə qane etməyə bilər ki, 2 min manata yaxın maaş alırıq”,-deyə deputat xüsusilə vurğuladı.
Deputat Aydın Abbasov sualımızı -“Maaşı mən alıram, sorğunu siz niyə keçirirsiniz?”, şəklində cavablandırdı.
Qeyd edək ki, Milli Məclisin “Milli Məclisi deputatının statusu haqqında” qanun layihəsində etdiyi dəyişikliyə əsasən, spiker Oqtay Əsədov 2250 manat (indiyədək 1950 manat olub), sədrin I müavini 2025 manat (indiyədək 1755 manat olub), Milli Məclis sədrinin müavini 1912,5 manat (indiyədək 1650 manat), Milli Məclisin komitə sədri 1800 manat (indiyədək 1560 manat olub), sıravi deputatlar isə 1575 manat (indiyədək 1365 manat olub) maaş alırlar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR