“Gelandewagen”lə iki nəfəri öldürən məmur oğlu danışdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan məmur oğlunun növbəti məhkəmə prosesi keçirilib.

62396_res_01Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğlu, “Gelandawagen”lə iki nəfərin ölümünə səbəb olan Xalid Mədətov növbəti dəfə ifadə verdi.

Xalid Mədətov ifadəsində bildirdi ki, qəza zamanı idarə etdiyi maşın atasına məxsus olub. X.Mədətov maşını etibarnamə ilə sürdüyünü dedi.

Təqsirləndirilən X.Mədətov içkili olmadığını bildirdi: “Avtomobili idarə edərkən içkili olmamışam. Ekspertizanın niyə belə bir rəy verdiyini bilmirəm. Qəzanı bilərəkdən törətməmişəm. Buna görə çox peşmanam, əzab çəkirəm. Ömrümün sonunadək də belə yaşayacam”.

X.Mədətov hadisənin başvermə səbəbini belə izah etdi: “Siqaret yandırmaq istədim. Alışqanı götürmək üçün əyildim. Başımı qaldıranda gördüm ki, maşın qabağıma çıxdı. Əyləcə basdım, amma işləmədi və qəza baş verdi”.

Təqsirləndirilən şəxsin vəkili məhkəməyə müraciət edərək zərərçəkənə dəyən maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı şərait yaradılmasını istədi.

Xalq artisti Ağasəlim Abdullayevin oğlu Vüqar Abdullayev buna etiraz olaraq bildirdi ki, onlara heç bir maddi təzminat lazım deyil: “Mənə uşağımı və anamı geri qaytar. Mənə heç kimin heç nəyi lazım deyil. Milyon versəniz də onları geri qaytara bilməzsiniz. Bu adam yalan danışır. Maşını idarə edərkən içkili olub”.

X.Mədətovun vəkili məhkəmədə 3 vəsatət qaldırdı. Vəkil qəzada ölən Ağasəlim Abdullayevin xanımı Brilyant Abdullayevanın meyitinin yenidən tibbi ekspertizadan keçirilməsi, zərərçəkənin ailəsinə maddi və mənəvi təzminatın ödənilməsi və maşını idarə edən Vüqar Abdullayevin yol hərəkəti qaydalarını pozub-pozmamasının araşdırılması ilə bağlı vəsatətlər qaldırdı. Lakin hakim heç bir vəsatəti təmin etmədi.

Məhkəmə sentyabrın 4-nə təxirə salındı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR