Politoloq Zəfər Quliyev: “İŞİD Qafqaza təhlükə törədə bilər”

939372546ed7477a47d104c2ed5172c91

Dünya dövlətləri, nəhayət ki, ən qəddar və amansız təşkilatlardan olan İŞİD-dən gələn təhlükəni anlamağa başlayıb. Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında formalaşan koalisiya təşkilata qarşı əməli fəaliyyətə keçib. Maraqlıdır, İran İslam Respublikası İslam Dövlətinə qarşı müharibəyə qoşulacaqmı? Qərb və ərəb dövlətlərini özündə birləşdirən koalisiya sıralarına Rusiyanı da dəvət edəcəkmi? Bu və digər suallara cavab tapmaq üçün qafqaznews.az politoloq Zəfər Quliyevdən müsahibə alıb.

– İran İŞİD-ə qarşı formalaşan koalisiyaya qoşula bilərmi? Bəs bunun əksi baş verərsə İslam Respublikası təşkilata qarşı hansısa digər formada mübarizə aparacaqmı? İranın bu mübarizədən kənarda qala biləcəyini deməyə əsas varmı?  

– Hesab edirəm ki, son hadisələr, bu son günlərdə baş verən olaylar onu deməyə əsas verir ki, bəzi şərtlər altında İran İŞİD-ə qarşı koalisiyaya qoşula bilər. Təbii ki, bu məsələ ilə bağlı danışıqlar aparılır. Nəzərə almaq lazımdır ki, İran və Rusiyanın koalisiyada iştirak etməyinin mümkün olub-olmaması ilə bağlı mövqeləri bir çox məqamlarda üst-üstə düşür. Ona görə bu məsələlərin tandem şəklində həll ediləcəyi istisna deyil, yəni bu o məqamda mümkün olacaq ki, İran və Rusiya koalisiyada iştirakla bağlı məsələni razılaşdırsınlar. Öz növbəsində Amerika Birləşmiş Ştatları ilə də intensiv danışıqlar aparılır. Çünki İranın koalisiyaya daxil olub-olmaması bir sıra digər məsələlərlə bağlıdır. Məsələn İran koalisiyaya daxil olub-olmaması məsələsini Qərbin sanksiyalarının və yaxud sanksiyalarının bir qisminin aradan qaldırılması ilə əlaqələndirir. Eyni zamanda İran nüvə proqramına qarşı olan məsələsinin də yumşaldılması ilə bağlayır və s. İran, əlbətdə ki, burada özünün siyasi dividendini güdür. İran dərk edir ki, onun koalisiyada iştirakı ABŞ üçün olduqca vacibdir. İran nəinki koalisiyaya daxil olmağa, hətta İslam dövlətinin döyüşçülərinə qarşı quruda aktiv  əməliyyatlara hazır olan yeganə ölkədir. Bu mənada Vaşinqton üçün İranın koalisiyada iştirakı olduqca əhəmiyyətli məsələdir. Düşünürəm yaxın zamanlarda bu məsələ müsbət həllini tapacaq. Çünki Vaşinqton İranın Tehranın özündən daha çox bu məsələdə iştirakında maraqlıdır.

– İran üçün İŞİD nə kimi təhlükə törədir?

– İlk öncə onu demək lazımdır ki, İŞİD-in döyüşçüləri sünnü islam dövləti yaradırlar. Yəni burada artıq sırf dini ayrıseçkilik var. İran öz sərhədləri yaxınlığında şiə İranına qarşı aqressiv mövqedə duran, heç kimə tabe olmayan islam dövlətinin mövcud olmasını istəmir. Əlbətdə ki, bu İrana sərf etmir. Bundan əlavə İŞİD-in perspektivə hazırlanmış planlarına İran, Qafqaz və Rusiyaya qarşı da məqsədlər daxildir. İran üçün həm dini, həm siyasi nöqteyi-nəzərdən heç kim tərəfindən tanınmayan, düşmən mövqedə duran dövlətin sərhədləri yaxınlığında mövcud olması təhlükəlidir. Eyni zamanda İslam dövlətini bu yaxınlarda kiminsə tanıyacağını gözləmək düzgün deyil. Nəzərə almaq lazımdır ki, bu gün İranın hazırkı İraq höküməti ilə çox yaxşı münasibətləri var. Vaxtilə ABŞ-ın İraqa hərbi müdaxiləsi zamanı Səddam Hüseyn rejiminin devrilməsinə dolaysı ilə amerikalılara yardım göstərirdi. Bu gün İran İraqda sabitliyin qorunmasında maraqlıdır. İraqda siyasi vəziyyətin hər hansı şəkildə dəyişməsi və yaxud İŞİD-in imkanlarının artması İran maraqlarına ziddir. İranı anlamaq mümkündür.

– Hadisələrin gözlənilməz ssenari üzrə inkişafı baş verərsə koalisiya kömək üçün Rusiyaya müraciət edə bilərmi? Çünki Rusiya özü də Şimali Qafqazda terrorla üzləşir.

– Eynilə İranla olan kimi Vaşinqton Ukraynada baş verən hadisələrlə bağlı olaraq Rusiya ilə olan soyuq və gərgin münasibətlərə, Qərb və Rusiya ilə olan qarçıdurmaya rəğmən İŞİD-ə qarşı koalisiyada tək İranın deyil, həm də hansısa mənada Rusiyanın da iştirakında maraqlıdır. Rusiyanın iştirakı Vaşinqton üçün ona görə vacibdir ki, Rusiyanın Bəşər Əsəd rejimi ilə çox yaxşı münasibətləri var. Yəni Suriya məsələsində Rusiya prinsipcə hər zaman öz sözünü düyə bilər. Bu mənada Rusiyanın Suriyadakı islamçılara qarşı hərbi əməliyyatların aparılmasına kömək və dəstəyi çox vacib ola bilər. Rusiyanın İranla çox yaxşı strateji münasibətləri var. Bu mənada Vaşinqton anlayır ki, Rusiyanın iştirakı bu məsələdə İranın da rolunun aktivləşməsinə yardımçı ola bilər. Bundan əlavə Vaçinqton Rusiya ilə olan gərgin münasibətlərinə olduqca praqmatik yanaşır. Bu gün Vaşinqton Rusiyanı qlobal siyasətə qaytarmaq haqqda düşünür. Son zamanlar Rusiya özünün addımlarına görə faktiki olaraq qlobal siyasətdən sıxışdırılıb çıxarılıb. O, qlobal oyunçu olmağı dayandırıb. Əlbətdə Vaşinqton yenidən Rusiyaya bu imkanı verməyə hazırdır. Lakin bu Rusiya tərəfindən atılacaq bəzi addımlar zamanı baş verə bilər. Bu barədə açıq danışılmasa da. İlk öncə Rusiya postsovet məkanında özünün neoimperial planlarına yenidən baxmalıdır. Rusiya özünün Ukraynaya olan münasibətini yenidən nəzərdən keçirməlidir. O, bu suveren dövlətin daxili işlərinə qarışmağı dayandırmalıdır. Yəni prinsipcə bu günküdünyada bütün məsələlər bir-biri ilə bağlıdır. Rusiyanın da koalisiyada iştirakı, əlbətdə ki, Putinin xarici siyasətində bəzi dəyişiklikləri nəzərdə tutacaq. Əgər əvvəldə təqribən bir həftə əvvəl Moskva rəsmi şəkildə koalisiyada iştirakın mümkünsüzlüyünü bəyan edirdisə, Suriyada islamçıların amerikalılar tərəfindən bombardman edilmələrini pisləyirdisə, Suriyanın daxili işlərinə qarışmaq kimi və bunun mümkünsüzlüyü haqqda danışırdısa son hadisələr onu deyir ki, Moskvanın bu məsələdə ki mövqeyi bir qədər yumşalıb. Rusiyanın xarici işlər naziri Lavrov artıq ona eyham vurur ki, müəyyən şəraitdə Moskva da koalisiyada iştirak edib, koalisiyanın uğuruna yardımçı ola bilər. Bu da hazırda bu sahədə danışıqların aparılmasını göstərir.

– Bəzi qüvvələr gələcəkdə İŞİD terrorçulardan Rusiyaya qarşı Krımda istifadə edə bilərlərmi?

– Prinsipcə hər şey mümkündür. Bu gün dünyada o dərəcədə dinamik, gözlənilməz hadisələr baş verir ki, onları yarım il və yaxud bir il bundan öncə proqnozlaşdırmaq qeyri-mümkün idi. Bu da ondan xəbər verir ki, vəziyyətin istənilən məcrada inkişaf edə biləcəyini söyləmək olar. Onları rədd etmək qeyri-mümkündür. Məsələn bu gün İŞİD-in və oraya daxil olan onlarla terror təşkilatlarının siyasi taleyini öncədən proqnozlaşdırmaq çətindir. Bu təşkilatlar isə İŞİD-in İraqda məhv olacağı təqdirdə yox olmayacaqlar. Bu təşkilatlar silahlartı və maliyyə vasaitləri ilə birlikdə müxtəlif istiqamətlərə dağılıb, öz mübarizələrini davam edəcəklər. Vaxtilə Əl-Qaidə ilə eyni şey baş verdi. Çünki Əl-Qaidə də mərkəzləşmiş halda bir yerdə yerləşmirdi. Əl-Qaidə ilə mübarizə ABŞ və bu əməliyyata qoşulanlar üçün elə buna görə də ağır idi. Çünki Əl-Qaidə faktiki olaraq həy yerdə yerləşirdi. O, dünyanın ən gözlənilməz nöqtəsində peyda olurdu. Bu mənada İŞİD-ə daxil olan döyüşçü və təşkilatlar bu günkü koalisiyanın hərəkətlərinin nəticəsindən asılı olmayaraq sabah Əzərbaycan, eləcə də Qafqaz regionu və Rusiya üçün təhlükə törədə bilərlər. Yeri gəlmişkəm Rusiya siyasətçiləri son zamanlar bu risk və təhdidləri aktiv şəkildə müzakirə edirlər. Onu da nəzərə almalıyıq ki, Rusiyanın özündə bu döyüşçülərin fəaliyyəti üçün hər zaman müəyyən baza var. Misal üçün Şimali Qafqaz. Orada istənilən zaman mərkəzi hökümətə qarşı mübarizə yenidən alovlana bilər. Rusiya ərazisində terrorun inkişafı perspektivindən danışmaq artıq yersizdir. Çünki terror heç vaxt tam olaraq bitmirdi. Terror aktların istənilən an yenidən baş qaldıra bilər. Bu mənada, düşünürrəm ki, nəinki Rusiya, Qafqaz, eləcə də bir çox Avropa ölkələri, dünya ölkələri İslam dövlətinə qarşı aktiv mübarizə aparmaqda, koalisiyaya yardımçı olmaqda belə əzmlidirlər.  Çünki onlar bütün bu təhdidləri dərk edirlər. Hamı bilir ki, əgər bu gün radikal çağırışları durdurmasaq, sabah onlar bir çox dünya ölkələrinə təhlükə törədəcək. Düşünürəm ki, Azərbaycandakı son hadisələr, yəni İŞİD-in 26 iştirakçısı və nümayəndəsinin həbs olunması çox həyəcanlı siqnaldır. Bu ondan xəbər verir ki, əgər Azərbaycanda bu və ya digər terrorçu təşkilatların nümayəndələri fəaliyyətə başlasa, ölkədəki sabitlik istənilən məqamda pozula bilər.

– İran XİN rəhbəri Cavad Zərif İŞİD-ə qarşı yaradılan koalisiyanı “peşmançılıq koalisiyası” adlandırıb. Onun sözlərinə görə, koalisiyaya üzv olan bir çox ölkələr vaxtilə İŞİD-i dəstəkləyirdi. Bu ölkələri öz “layihələrinə” qarşı çıxış etməyə nə məcbur etdi?

– Burada biz hadisələrə İranın baxışını görürük. Biz bunu nəinki həqiqət kimi qəbul edə, hətta çıxış nöqtəsi kimi belə qəbul edə bilmərik. Çünki bu İranın Əl-Qaidə və bir çox terror təşkilatlarına qarşı həmişəki mövqeyidir.  İran həmişə bəyan edib ki, bu təşkilatlar ABŞ-ın özü tərəfindən yaradılıb. Və bu nəzər nöqtəsi nəinki İranda hökmramdır. Biz bilirik ki, bu fikir Rusiya KİV-də də geniş yayılıb. Rusiyanın siyasi bomondunda o fikir hökm sürür ki, bütün bu təşkilatlar vaxtilə ABŞ-ın xüsusi xidmət orqanları və höküməti tərəfindən birbaşa və ya dolayısı yollarla yaradılıb, maliyyələşdirilib. Bu fikir mövcud ola bilər. Lakin mən onu danılmaz həqiqət kimi qəbul edə bilmərəm. Çünki bu kimi terror təşkilatlarının mövcud olmasında tək ABŞ maraqlı deyildi. Biz bilirik ki, hələ SSRİ dönəmində kürd terror təşkilatları Moskva tərəfdən maliyyələşdirilir, silahlanır və yaradılırdılar. Onların ideoloji bazaları da Moskvada yaradılırdı. İran müəyyən terror təşkilatlarının yaradılmasına az səy qoymayıb. Bu təşkilatları da o, İsrail, ABŞ və digərlərinə qarşı istifadə edir. Eynilə digər dövlətlər də lazım gəldikdə bu və ya digər terror təşkilatlarını və silahlı qrupları maliyyələşdirir və silahlandırır. Misal üçün Səudiyyə Ərabistanı və digərləri. Yəni bütün günahı ABŞ-da axtarnaq düzgün olmazdı. Bu mənada hesab edirəm ki, peşmançılıq hissini tək bu dövlətlər deyil, dünyanın bir çıx ölkələri keçirməlidir. Çünki onların hamısının bunda günahı var.

Kərim Sultanov

QAFQAZ Xəbər Agentliyi (Qafqaznews.org)

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR