Bu təlimdən sonra gənclər ətraf mühitlə bağlı qərarların qəbulunda aktiv olacaqlar.
Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Ətraf mühitlə bağlı qərarların qəbul edilməsində gənclərin iştirakı” adlı layihə çərçivəsində bölgələrdə gənclərə təlimlər keçirilib. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkil etdiyi təlimlər Mingəçevir şəhərini, Şəmkir və Tovuz rayonlarını əhatə edib. Bu barədə Birliyin sədri Samirə Mustafayevanın verdiyi məlumata görə təlimlərdə region gəncləri, yerli icra nümayəndləri, Gənclər və İdman, o cümlədən Ekologiya idarələrinin rəisləri, QHT və KİV nümayəndələri iştirak ediblər. O bildirib ki, təlimləri hüquq elmləri üzrə fəlsəfə doktorları Mətanət Əsgərova, Yeganə Balakişiyeva və Hökmən Mahmudov aparıblar. Ekologiya sahəsində maarifləndirici xarakter daşıyan təlimlərdə gənclərlə diskusiyalar aparılıb, onlara ekologiya və ətraf mühitlə bağlı qərarların qəbulu zamanı gənclərin iştirakı və hüquqları izah edilib:
” Təlimlərdə iştirak edən gənclərə Orxus konvensiyasının müvafiq bəndləri çatdırılıb. Bu konvensiyada ictimaiyyətin iştirakı ilə qəbul olunan müvafiq qərarların müddəalarının izahı verilib . Eyni zamanda hansı fəaliyyətin Orxus konvensiyasına uyğun olaraq ətraf mühitlə bağlı qərarlara təsiri çatdırılıb. Məsələn, hansı tikililərin, yol çəkilişlərinin, istehsalat müəssisələrinin inşası ilə bağlı qərar qəbul olunarkən ictimaiyyətin iştirakı məsələləri, daha sonra bu iştirakçılığın formaları, gənclərin necə məlumatlandırılması, vasitələrin kifayət etməsi, iradların bildirilməsi və son qərarın elan edilməsi qaydaları barədə məlumat verilib. Bundan başqa bu qaydalar pozularkən hansı müraciətetmə formalarının olması Azərbaycan qanunvericiliyi üzrə izah olunub”.
Xatırladaq ki, layihənin icrası davam edir və layihə çərçivəsində sözügedən istiqamət üzrə təlimlərin Bakıda da keçiriləcəyi bildirilir.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)