İsveçrə oğurluq pulları dondurmaq üçün qanunu sərtləşdirir

110168_res_01İsveçrə diktatorların və qanunsuz yollarla varlanan digərlərinin bu ölkə banklarında saxlanılan pullarına həbs qoymaq üçün qanunları sərtləşdirir.

Virtualaz.org saytı xəbər verir ki, “Siyasi əhəmiyyətli şəxslər tərəfindən qanunsuz yollarla əldə edilmiş aktivlərin və sərvətlərin bloklanması “barədə qanun yeni redaktədə İsveçrə Konfederasiyasının parlamentində müzakirəyə çıxarılıb.

Yeni qanunvericilik aktı ən tələbkar dünya standartları əsasında hazırlanıb və İsveçrənin bütün dünya boyu diktatorlar və tiranlar tərəfindən oğurlanmış pulların saxlanılması üçün cənnətməkan statusundan azad olmasına imkan verəcək.

Swissinfo.ch bildirir ki, qanunun yeni variantı Dünya Bankı tərəfindən də yüksək qiymət alıb. İsveçrə parlamenti bu ölkə banklarının oğurluq pullar və qanunsuz yollarla əldə edilmiş gəlirlər üçün ən təhlükəsiz sığınacaq olmasına dair tənqidlərin artmasından sonra qanunu müzakirəyə çıxarıb.

Məlum olduğu kimi, Hüsnü Mübarəkdən tutmuş Qəzzafiyə, Afrika diktatorlarına və gəlirlərini vergidən gizlətmək istəyən milyarderlərə qədər hər kəsin pulları İsveçrə banklarında saxlanılırdı.

Lakin yeni qanunda şübhəli aktivlərin preventiv bloklanması üçün daha geniş imkanlar açılır, həmin aktivlərin İsveçrə banklarından çıxarılaraq başqa yuridiksiyaların sərəncamına keçirilməsinin mümkünlüyü istisna edilir.

Daha bir mühüm məqam budur ki, yeni qanuna əsasən bundan sonra nə İsveçrə, nə Misir, Tunis, Liviya və ya Ukrayna kimi devrilmiş diktatorların ölkələri İsveçrə banklarında aşkarlanmış aktivlərin qanunsuz yollarla əldə edildiyini sübut etməyə ehtiyacı olmayacaq. Qanuna əsasən həmin aktivlərin sahibləri İsveçrə banklarındakı pullarının və ya daşınmaz əmlaklarının qanuni olduğuna dair tutarlı sübutlar təqdim etməlidir.

Həmçinin yeni qanuna görə, İsveçrə hökuməti parlamentin razılığını almaqla keçmiş liderləri tərəfindən sərvətləri talan edilmiş ölkələrlə əməkdaşlıq edərək onlara oğurluq pulların saxlanıldığı bank hesabları barədə məlumatları öz təşəbbüsü ilə təqdim edəcək.

Qanun onu da nəzərdə tutur ki, İsveçrə banklarında dondurulmuş pullar ancaq həmin pulların mənsub olduğu ölkədə və müstəsna olaraq əhalinin rifahı, hüquqi dövlət quruculuğu üçün xərclənə bilər. Hesabların debloklanması ancaq bu halda mümkün olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR