Keçmiş nazir Nazarbayevin sirlərini açdı: “Yeltsinə həmişə lağ edirdi…”

65670_res_01Qərb mətbuatı Britaniyanın keçmiş baş naziri Toni Bleyerin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə əlaqələri və onun imicini düzəltmək üçün gördüyü işlər haqda yazır.

Bəs on illərdir Qazaxıstana rəhbərlik edən N.Nazarbayevin T.Bleyerlə münasibətləri əslində necə olub? O, digər xarici ölkə prezidentləri ilə şəxsi münasibətlərini necə qurur və Rusiyanın indiki prezidentinə münasibəti necədir?

Bütün bunlar haqda Qazaxıstan elitasının keçmiş üzvü, Almatının keçmiş akimi (icra başçısı), 2007-ci ilədək Qazaxıstanın fövqəladə hallar naziri olmuş Viktor Xrapunov “Respublika” qəzetinə müsahibəsində geniş danışıb.

V.Xrapunov 2008-ci ildə İsveçrədə müalicə olunarkən istefa verib və bir daha Qazaxıstana qayıtmayıb.

Virtualaz.org saytı onun müsahibəsindən seçmələri təqdim edir:

***

“Qazaxıstan müstəqil dövlət olan kimi Nazarbayev 100 faiz rusiyayönümlü idi. Bu, abstrakt məhəbbət yox, kifayət qədər dəqiq hesablanmış mövqe idi.

Qazaxıstana hər şeydən əvvəl Rusiya ilə 7,5 min kilometrlik sərhədlərin dəqiqləşdirilməsi və tanınmasına çalışırdı.

Digər tərəfdən isə Xəzərin bölgüsü məsələsi vardı. Bu məsələdə Rusiya və Qazaxıstan mühüm rola malik idi. Bu bölgünün uğurla başa çatması Qazaxıstanın neft ehtiyatlarına görə dünyada lider ölkələrdən birinə çevrilməsini təmin edirdi” – deyə Xrapunov bildirib.

Keçmiş elita üzvü danışır ki, Nazarbayev Rusiya ilə münasibətləri qurmaq üçün yaxşı manevrlər edirdi. Çünki o, Rusiyadan bərk asılı idi: “Və o, Yeltsinin zəif cəhətlərindən, belə desək, alkoqollu içkilərə düşkünlüyündən ağılla istifadə edə bilirdi.

Və təkcə bu da deyil. O, Yeltsinin hissləri ilə də oynayırdı.Mənim xatirimdədir ki, Rusiyaya növbəti səfərdən qayıdandan sonra Nazarbayev danışırdı ki, o, Yeltsinə qəlbin genişliyi haqda bəhs edib. “Əgər Rusiya bu yatağı Qazaxıstana versə, kasıblamaz” deyib.

Bu taktika işə yaramışdı. Yeltsin sənədləri imzaladı, nəticədə Qazaxıstan Kaşağan yatağını alaraq neft ehtiyatları üzrə dünya liderlərindən biri oldu. Hərçənd ki, sonradan bu ehtiyatların sahibinin Qazaxıstan qədər konkret adamın – Nazarbayevin olduğu da üzə çıxdı”.

V.Xrapunov deyib ki, Rusiyada Putin hakimiyyətə gələndən sonra Nazarbayevlə münasibətlər olduqca sərtləşdi: “Və bütün bunlar Azərbaycandan çəkilən neft kəməri (Bakı-Tiflis-Ceyhan) məsələsində özünü büruzə verdi. Nazarbayev bu layihə ilə çox maraqlanırdı və bu istiqamətdə işə başlamışdı. Və budur, 2009-cu ildə onu Polşaya Rusiyadan yan keçən daha bir kəmərin tikintisi layihəsinin müzakirə olunduğu sammitə (Bakı-Odessa-Brodı neft kəməri) dəvət etdilər.Və birdən Kremldən çox ciddi çığırtı gəldi. Nazarbayev mövqeyini kəskin dəyişdirdi və Polşaya getməkdən imtina etdi, bu isə bütün kombinasiyanı pozdu. Qazaxıstan nefti olmadan Azərbaycanın borusu yarımçıq layihəyə çevrildi”.

Keçmiş nazir bildirib ki, Nazarbayev Yeltsinə həmişə qeyri-adekvat deyirdi, bununla bağlı çoxlu misallar gətirirdi: “Mən bunları danışmaq istəmirəm. Ancaq ona bir qədər istehza ilə yanaşırdı.

Ancaq Putinlə münasibətlər tamam ayrı cür qurulub. Mən bir dəfə sual verdim: “Nursultan Abışoviç, indiki Rusiya rəhbərliyinə necə yanaşırsınız?”

Və o, mənə birbaşa cavab verdi: “Onları, pasanları öyrənirəm””.

Keçmiş nazir bu məsələdə Nazarbayevin sarayında hökm sürən yaltaqlıq mühitini də nəzərə almağı vacib bilir. Deyir ki, yaxın ətrafı tez-tez onun yanına qaçıb “Nursultan Abışoviç, baxın, bu gün Rusiya fərman verib, nöqtəsinə qədər sizin fərmanınızdır. Yeni heç nə fikirləşə bilmirlər, siz nə etsəniz kopyalayırlar” deyirdi.

“Ancaq indi situasiya radikal şəkildə dəyşib” – deyə keçmiş nazir əlavə edir.

V.Xrapunov bildirir ki, N.Nazarbayevin T.Bleyerlə münasibətləri düşünüldüyündən daha dərin idi: “Mən hələ Almatı meri olanda, 2004-cü ilin əvvəllərində məhdud çevrədəki söhbətlərin biri zamanı Nazarbayevdən soruşdular ki, indiki liderlərdən kimə daha çox hörməti var.

Nazarbayevbelə cavab verdi: “Toni Bleyerə. O, mənim dostumdur, Londona gedəndə onun evində qonaq oluram. Hesab edirəm ki, çox nüfuzlu adamdır. Ümumiyyətlə, dünyada güclü kim varsa, hamısı ilə dostluq etmək lazımdır””.

V.Xrapunov bildirir ki, Nazarbayev Avropanın bir çox digər liderləri ilə də yaxşı şəxsi münasibətlər qurmuşdu və bunun sayəsində həmin ölkələrdə öz biznes maraqlarını təmin edirdi: “Onun İspaniya kralı Xuan Karlosla çox yaxın münasibətləri vardı. Bu sıx əlaqələrin sayəsində Nazarbayev İspaniyada özünə yaxşı yer elədi. Hətta qızı Aliyə ilə birlikdə kralın toyuna da getmişdi”.

Keçmiş nazir deyir ki, Nazarbayev Çexiya prezidenti ilə də yaxşı münasibətlər formalaşdırıb, bunun sayəsində kürəkəni Timur Kulibayevlə birlikdə Karlovı Varıya investisiyalar yatırıb. Ancaq Nazarbayevin Almaniya kansleri Angela Merkellə yaxşı münasibət qurmaq cəhdləri baş tutmayıb.

V.Xrapunov N.Nazarbayevin Baltik ölkələrində də yaxşı biznesinin olduğunu, onun şirkətlərinin Riqa və Baltik dənizinin digər limanlarında yaxşı təmsil edildiyini deyib: “Bütün bunlar ona öz məhsullarının ixracını təşkil etmək üçün lazımdır”.

Keçmiş nazir deyib ki, Nazarbayev kiminlə yaxın dostluq münasibəti qururdusa, ondan öz biznesi üçün faydalanırdı. Məsələn, Nazarbayev ispan kralı ilə dost olandan sonra bu ölkənin qoruq zonasında unikal saray inşa edir. Bu haqda Avropa KİV-ləri artıq yazıb.

Süleyman Dəmirəl Türkiyə prezidenti olanda Nazarbayevə Bodrum sahilində torpaq sahəsi verib, o da orada özünə iqamətgah tikib.

“Habelə Türkiyə “Bobek” uşaq sağlamlıq mərkəzinin inşası üçün vəsait ayırdı. Mərkəz hazır olanda Nazarbayevin xanımı Sara Alpısovna onu öz mülkiyyətinə götürdü” – deyə Xrapunov bildirib.

Virtualaz.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR