Azərbaycanlı milyarder: “Təkcə bir konsertə 350 min dollar xərcləyirəm”

66429_res_01

Sankt-Peterburq şəhərində rəsmi olaraq 300 minə yaxın həmvətənimiz yaşayır. Qeyri-rəsmi mənbələrə görə isə Rusiyanın keçmiş paytaxtında azərbaycanlıların sayı 500 mini keçib.

Həmvətənlərimiz Rusiyanın şimal paytaxtında əsasən bizneslə, xırda ticarətlə məşğul olur. Amma bu şəhərdə “azərbaycanlı” deyəndə təkcə bazar alverçiləri göz önünə gəlmir. Bir çox soydaşlarımız necə deyərlər, artıq Piterin elitasında təmsil olunur.

Onlardan biri də azərbaycanlı milyarder Vaqif Məmişovdur. “Forbes”in hesablamalarına görə, sərvəti 1 milyard dollardan yuxarı olan azərbaycanlı iş adamı bu günlərdə bir açıqlaması ilə gündəmə gəldi. Vaqif Məmişov azərbaycanlıların tez-tez ona müraciət edərək pul istəməyindən şikayətləndi.

Virtualaz.org saytı Sankt-Peterburq şəhərində azərbaycanlıların durumunu və bir çox məsələlərə münasibətini öyrənmək üçün Sankt-Peterburqdakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişova müraciət edib.

-Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun liderlərindən biri kimi soydaşlarımızın durumu, icma rəhbəri kimi gördüyünüz işlər barədə soruşmaq istərdik.

-Bildiyiniz kimi, bizim diaspor Sankt-Peterburq şəhərində ən güclü icmalardan biridir. Mən başda olmaqla diaspor üzvləri mütəmadi olaraq görüşlər keçiririk. Bu görüşlərin ən çoxu tarixi günlərə təsadüf edir. 20 yanvar və Xocalı soyqırımı ilə bağlı həmişə tədbirlərimiz olur. Qabaqdan Qurban bayramı gəlir. Həmvətənlərimizlə növbəti görüşümüz olacaq. Ən son tədbirlərdən biri bu ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və 28 may – Cümhuriyyət gününə həsr olunmuş xeyriyyə konserti olub. Xalqımızın nümayəndələrini bir araya yığmaq bizə həmişə xoşdur. Bundan əlavə, burada azərbaycanlı uşaqların doğma dilimizi öyrənməsinə şərait yaratmışıq. Dilimizi qoruyub saxlamaq bizə çox vacibdir. Həmişə çalışmışıq ki, millətimizi layiqincə təmsil edək, onun mədəniyyətini tanıdaq.

-Amma sizə təkcə mədəniyyət üçün yox, pul üçün müraciət edənlər də çox olur…

-Burada xeyli azərbaycanlı var. Aralarında hər cür adama rast gələrsən. İmkansızı da olur, kasıbı da, varlısı da. Tənbəli də, işgüzarı da… Bəli, mənə belə müraciətlər də tez-tez olur. Özü də təkcə mənə yox, digər imkanlı soydaşlarımıza da. Onlara imkanlarımız daxilində kömək edirik.

-Siz bir müddət əvvəl Peterburqda parlament seçkilərinə qatılmaq istəmişdiniz. İndi necə, yenə də deputat olmaq fikriniz varmı?

-Xeyr. Deputat olmaq fikrim yoxdur. Amma təxminən 5-6 il əvvəl bu barədə düşünmüşəm. O zamanlar mən bir azərbaycanlı kimi deputat olmaq istəyirdim. Sonra fikrimdən daşındım. Səbəb isə biznes işləriminin çox olmasıdır.

-Rusiyada yaşayan əksər azərbaycanlı zənginlər Bakıda biznes qurublar. Bəs siz? Sizin də belə biznesiniz, yaxud onu qurmaq fikriniz varmı?

-Mənim Azərbaycanda evim-eşiyim var. Çoxlu dostlarım var. Vətənə də əsasən dincəlməyə gəlirəm. Amma Azərbaycanda biznesim yoxdur. Buradakı işlərim mənə bəs edir.

-Sankt-Peterburqa bələd olan biri kimi bilirəm ki, orada demək olar hər il xeyriyyə konsertləri təşkil edirsiniz. Biletlər də pulsuz paylanır. Sirr deyilsə, buna nə qədər xərciniz çıxır? Bu işlərə pul xərcləməkdə məqsədiniz nədir?

-Azərbaycan diasporuna çoxlu pul xərcləyirik. Amma tək mən deyiləm. Məndən başqa diasporun digər üzvləri də bu tədbirlərə maddi dəstək verir. Təkcə bir konsertə şəxsən özüm 350 min dollar pul xərcləyirəm. Əgər iki konsert olursa, bu, artıq 700 min dollar deməkdir. Təbii ki, bizim məqsədimiz Azərbaycan mədəniyyətini təbliğ etməkdir. Yəni əsas budur. Konsertləri təşkil edirik ki, millətimiz bir araya gəlsin, soydaşlarımız bir-birlərini tanısınlar, əlaqə yaratsınlar, yaxınlaşsınlar, həmrəylik olsun. Sabah bir problemimiz yarananda da onu asanlıqla həll edə bilək. Bundan başqa hər hansı məqsədimiz yoxdur.

-Adınız bir müddət əvvəl qalmaqalda hallanırdı. Bu haqda yerli qəzetlər də yazırdı. Deyirdilər ki, Peterburqdakı qədim qəbiristanlığın yerində ticarət mərkəzi tikmək istəyirsiniz. Bu da yerli əhalinin narazılığına səbəb olmuşdu. Bu qalmaqallı işin sonu nə oldu?

-Yəqin bilirsiniz, Peterburqda çoxlu ticarət mərkəzlərim, zavodlarım və digər obyektlərim var. Həmin yeri Sankt-Peterburq hökuməti satlığa qoymuşdu, mən də o ərazini auksionda almışam. Bu ərazini başqa bir millətin nümayəndəsi də ala bilərdi. Amma azərbaycanlıya qismət oldu. Nəyi pisdir ki?! Qalmaqala gəlincə isə guya həmin ərazidə 208 il bundan əvvəl qəbiristanlıq olub. Bir çox qəzetlər millət söhbətini ortaya atdılar. Bir çox adamlar istəmirdilər ki, biz bu yerdə tikinti işi aparaq. Bununla əlaqədar komissiya təşkil olundu. Yoxladılar, araşdırdılar, sonda isə bizə həmin ərazidə tikinti işləri aparmağa icazə verdilər. Təxminən 4-5 aya tikinti işlərinə başlayacayıq.

-Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycana səfəri barədə nə deyə bilərsiniz?

-Jirinovski Bakıya xoş gəlib. Onu hamı tanıyır. Jirinovskinin Azərbaycana səfərinin daha çox onun özünə faydası oldu. Çünki o, bizi tanımayıb deyə həmişə bizim millətə qarşı çıxış edib. Jirinovski gördü ki, bizim necə gözəl ölkəmiz, xalqımız, prezidentimiz var. Ən əsası Azərbaycanın necə inkişaf etdiyinin şahidi oldu. Ancaq Allah eləsin ki, Jirinovski Azərbaycanın  onu necə qəbul etdiyini yadından çıxarmasın. Yəni gedib başqa yerdə yenə Azərbaycana qarşı pis fikirlərlə çıxış etməsin.

 

Virtualaz.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR