Lukaşenko Putinin layihəsinə qarşı çıxdı: “Bizə yeni Qarabağ lazım deyil”

66499_res_01Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın şərqində “Novorossiya” adı altında yeni müstəqil dövlət, yaxud ərazi vahidinin yaradılmasını qəbul etməyəcəyini bildirib.

Virtualaz.org saytı xəbər verir ki, Lukaşenko bu barədə “Euronews” telekanalına müsahibəsində deyib.

“Mən əvvəldən demişəm ki, Novorossiya kimi layihə mənim tərəfimdən qəbul edilməyəcək. Mən Ukrayna dövlətinin suverenliyinin və bölünməzliyinin tərəfdarı kimi çıxış edirəm. Ona görə ki, orada Dnestryanı zona, Qarabağ kimi hansısa dondurulmuş, istənilən an partlaya bilən münaqişə olmasın. Çünki biz Ukrayna ilə qonşuyuq” – deyə Lukaşenko bəyan edib.

Belarus prezidenti onu da deyib ki, Rusiyanı Ukraynanın şərqindəki münaqişənin təşəbbüskarı və iştirakçısı hesab etmir. Lukaşenko həmçinin Ukraynaya sülhməramlı qüvvələr göndərməyə hazır olduğunu deyib.

Qeyd edək ki, “Novorossiya” adlı ərazi vahidi haqda ilk dəfə Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donetsk və Luqansk “xalq respublikalarının” elan edilməsindən sonra bəhs edib. Rusiya prezidenti Ukraynanın şərq ərazilərini “Novorossiya” adlandırıb. Daha sonra Donetsk və Luqansk separatçıları bu ideyanı mənimsəyiblər və hazırda iki separatçı bölgənin birləşərək “Novorossiya” adlı müstəqil dövlət yaratması müzakirə olunur.

Belarus prezidenti birinci dəfə deyil ki, Ukrayna böhranında Rusiyanın siyasəti ilə üst-üstə düşməyən bəyanatlar verir. Lukaşenkonun Ukraynanın şərqində atəşkəsin əldə edilməsi üçün oynadığı rol və Putinin kursundan kənara çıxan bəyanatları, Ukraynanın ərazi bütövlüyünün tərəfdarı kimi çıxış etməsi onun Qərbdə imicini xeyli yaxşılaşdırıb. Artıq Lukaşenkonu “Avropanın sonuncu diktatoru” hesab etmirlər. Üstəlik o, ölkəsində siyasi məhbusların sayını kəskin azaldıb və Avropa ilə münasibətləri yaxşılaşdırmaq üçün bəzi addımlar atıb.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR