Böyük Vətən Müharibəsi əlilinin 22 illik ev həsrəti – “Qaçqınkom” şefinin nəzər-diqqətinə…

1451027082_1Heç kim deyə bilməz ki, bu gün Azərbaycanda qaçqın və köçkün vətəndaşlarımıza, müharibə veteranlarına, şəhid ailələrinə və digər aztəminatlı vətəndaşlara dövlətimiz tərəfindən diqqət və qayğı göstərilmir. Və əgər kimsə bunu deməyə qalxarsa, birmənalıdır ki, həmin şəxs həqiqəti söyləmir və hətta, bəlkə də bilərəkdən yalan danışır. Bəs əgər hansısa dövlət məmuru və ya məmurları ayrı-ayrılıqda götürülmüş şəxsləri, həm də məhz yuxarıda qeyd etdiyimiz aztəminatlı sosial təbəqəni təmsil edən vətəndaşları belə bir iddia irəli sürməyə təhrik edirlərsə, bu zaman həmin məmurların bu əməli necə qiymətləndirilməlidir? Gəlin problemi konkret bir misal üzərində nəzərdən keçirək.
Artıq 22 ildir ki, Vəliyevlər ailəsi yerli hakimiyyət orqanları və digər aidiyyatı olan qurum rəhbərləri tərəfindən elə bir təcrid olunmuş duruma salınıblar ki, nə dövlət bu ailənin problemlərini, nə də bu ailə dövlətin qayğısını görə bilmirlər ki, bilmirlər. 1993-cü ildə Zəngilan rayonu erməni qəsbkarları tərəfindən işğal olunandan sonra, Böyük Vətən Müharibəsi (BVM) iştirakçısı və əlili (II qrup) Cəmil Vəliyev, özündən başqa daha dörd nəfərdən ibarət olan ailəsi ilə birgə Bakıya gəliblər. Elə həmin ildən də bu ailə paytaxtın Xətai rayonu, Neapol küçəsi 43 ünvanında, 2 saylı Bakı Peşə Liseyinin yataqxanasında məskunlaşaraq, bütün bu illər ərzində 12 kvadratmetr sahəsi olan bir otaqda yaşamalı olub. Olub deyəndə ki, elə indi də yaşayır. Bu günlərdə “Bizim Dövr”ün redaksiyasına müraciət etmiş Cəmil Vəliyevin oğlu, Tələt Vəliyev bizə o qədər sənəd, məktub təqdim edib ki, onların bir-bir oxunmasına saatlarla, bəlkə də günlərlə vaxt lazımdır. Amma nəticə etibarı ilə, Vəliyevlər 22 il bundan əvvəl məskunlaşdıqları bir otaqdan hələ də çıxa bilmirlər. Hüquqşünaslar deyirlər ki, Cəmil Vəliyevin həm BVM iştirakçısı, həm II qrup əlil, həm də ailəsinin qaçqın olduğu nəzərə alınmaqla, ona 10 sot torpaq sahəsi və pulsuz avtomobil düşür. Bəs niyə vermirlər? Çox maraqlıdır ki, Tələt Vəliyevin təqdim etdiyi məktublardan bir neçəsində, daha dəqiq desək, 22.08.2011-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Həyat səviyyəsinin təhlili və aktual hesablamalar şöbəsinin müdiri Azad Tağızadə tərəfindən, 27.01.2012-ci il tarixində həmin nazirliyin Həyat səviyyəsinin təhlili sektorunun müdiri Arif Hüseynov tərəfindən, 18.07.2013-cü il tarixində yenə də həmin nazirliyin Sosial xidmətin təşkili sektorunun müdiri Vüqar Behbudov tərəfindən imzalanmış məktublarda bildirilir ki, Cəmil Vəliyev pulsuz avtomobil verilməsi üçün 2005-ci ildən Nazirlikdə növbəyə götürülmüşdür. Hətta bu məktubların birində onun 96-cı sıra nömrəsində olduğu da qeyd olunur. Amma 2013-cü ilin sonlarından, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gələn məktublarda Dövlət sosial təminat xidmətinin rəis müavini Ə. Seyidzadənin imzası yer almağa başlayandan bəri bu məktubların məzmunu kəskin şəkildə dəyişir. Artıq məlum olur ki, Cəmil Vəliyev pulsuz avtomobil almaq məqsədilə hələ növbəyə dura bilmək üçün tibbi sosial ekspert komissiyasına və əlavə hansısa instansiyalara müraciət etməlidir. Bəs növbədəki 96-cı adam kim idi? Ev vəya torpaq sahəsinə gəlincə isə, bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də, Xətai Rayon İcra Hakimiyyətinin də mövqeyləri tam üst-üstə düşür. Belə ki, bu qurum rəhbərlərindən (və ya deyək ki, onları təmsil edən məsul şəxslərdən) hər biri müharibə əlilinə digər instansiyaya müraciət etməyi “tövsiyyə” edir. Belə məlum olur ki, dövlətimizin qaçqın və köçkünlərimiz üçün, müharibə əlilləri və şəhid ailələri üçün tikdiyi evləri bölüşdürmək və paylamaq səlahiyyəti bu qurumların heç birinə aid deyil?! Xətai RİH-nin rəhbərliyi ümumiyyətlə bu kimi məsələlərin ona heç bir aidiyyatı olmadığını vurğulayır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynovun imzaladığı bir neçə məktub isə, bu sözlərlə bitir: “Sizin mənzil sahəsi ilə təmin olunmağınıza qanunla nəzərdə tutulan qaydada baxılacaqdır”. Nə zaman baxılacaq? Harda baxılacaq? Kim baxacaq? Cənablar, siz fərqindəmisiniz ki, ölkəmizdə Böyük Vətən Müharibəsi iştirakçılarının sayı artıq bəlkə də barmaqla sayıla biləcək qədərdir? Yəni bu insanların Vətən qarşısında, ömürlərinin son illərinisə də normal şəraitdə yaşamağa layiq ola biləcək qədər xidmətləri yoxdur? Yoxsa siz iddia edirsiniz ki, yaşadığınız dəbdəbəli mənzil və villaları bu insanlardan daha artıq haqq edirsiniz?

İzninizlə bir tövsiyyə də mən sizə verim. İnsanların problemlərini həll etməyə tələsin! Çünki artıq dövlətimiz sizin kimi məmurların məsələsinə baxmağa başlayıb. Və hansınıza növbənin daha tez çatacağı da bir ölkə rəhbərliyinə, bir də Allaha məlumdur!

Məqalədə adı keçən bütün qurum rəhbərlərinin məsələyə münasibət bildirmələrini təkidlə xahiş edirik!

bizimdovr.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR