Neftçi İman Şura oğlu Qasımovun cəsədi Azərbaycana gətirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin gətirilməsi üçün FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi göndərilmişdi.
Xatırladaq ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib. FHN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 60 km uzaqlıqda “Berkar” gəmisi kişi cəsədi aşkarlayıb.
Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “BAYAN” gəmisinə məlumat ötürülüb, cəsəd borta alınaraq Türkmənbaşı dəniz limanına aparılıb. Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilib.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədinin respublikaya gətirilməsi üçün hadisə yerinə yola düşüb.
Qeyd edək ki, bu il dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 7 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Fövqəladə Hallar Nazirliyinin axtarış xilasetmə qüvvələri dərhal itkin düşənlərin axtarışına başlayıb. Axtarışlar nəticəsində 6 nəfərin cəsədi tapılıb, 23 nəfərin isə axtarışları davam etdirilib.
Qeyd edək ki, İman Qasımov fəlakət anında həyat yoldaşına yazdığı son mesajı ilə hamını mütəəssir etmişdi.
Türkmənistan sahillərində tapılan cəsəd azərbaycanlı neftçi İman Qasımovun meyitidir.
Bu barədə prokurorluq orqanlarındakı mənbə bildirib.
Məlumata görə, İ.Qasımov ixisasca neftçi-mühəndis olub və dənizdə 32 ildən çox işləyib.
* * *12:36
Dekabrın 4-də “Günəşli” yatağında baş verən yanğın zamanı itkin düşən neftçilərdən birinin meyiti bu gün Xəzərin Türkmənistan sahilində tapılıb.
Bu barədə virtualaz.org-a prokurorluq orqanlarından məlumat verilib.
Məlumatda o da bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyiti gətirmək üçün artıq Türkmənistana yollanıblar.
Xatırladaq ki, dekabrın 4-də güclü külək nəticəsində yüksəkgərginlikli sualtı qaz kəməri zədələnmiş və “Günəşli” yatağının 10-cu platformasında yanğın baş vermişdi. Dərhal görülən xilasetmə tədbirləri nəticəsində 33 nəfər xilas olunmuş, sonradan 8 nəfərin meyiti tapılmışdı. 22 nəfər neftçi isə bu günə qədər itkin düşmüş hesab edilir.