
Redaksiyamıza yeni daxil olmuş məlumatda Müşfiqabad qəsəbə sakinlərinin yerli bələdiyyənin yarıtmaz fəaliyyətindən doğan narazılıqları öz əksini tapmışdır. Məlumat üçün qeyd edək ki, Müşfiqabad qəsəbəsi Yeni Bakı Broyler fabrikinin tikintisi ilə əlaqədar olaraq, hələ 1980-ci illərdə salınmışıdr. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunaraq xalq şairi Mikayıl Müşfiqin şərəfinə adlandırılmışdır. Təbii ki, həmin vaxtdan etibarən qəsəbənin ərazisi xeyli böyümüş, burada bir çox yaşayış massivləri salınaraq, qəsəbənin inzibati tabeliyinə daxil edilmişdir. Bu gün isə, qəsəbədən daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, artıq bu inzibati ərazi vahidinin sahəsi o qədər böyümüşdür ki, Müşfiqabad qəsəbə bələdiyyəsi daha öz vəzifələrinin öhdəsindən gələ bilmir. Həmçinin qəsəbənin “28 may” adlanan ərazisində yaşayan sakinlərin bizimdovr.az-a təqdim etdikləri açıqlamalarda bu ərazidə sosial-məişət problemlərinin həddindən artıq çox olduğu bildirilir. Bu arada qeyd edək ki, sözügedən ərazinin rəsmi olaraq məhz belə adlandırıldığına dair də dəqiq məlumatımız yoxdur. Sadəcə olaraq, aldığımız məlumatlarda sakinlər məskunlaşdıqları yeni massivi bu adla təqdim edirlər. Həmçinin daxil olan açıqlamalarda Müşfiqabad bələdiyyəsinin sədri Vüqar Əliyevin də adı qətiyyən xatırlanmır. Lakin bu hal bələdiyyənin işindən narazılıq olmaması anlamına gəlmir. Əksinə, bütün şikayətlər ilk növbədə məhz bu qurumun fəaliyyəti (daha doğrusu fəaliyyətsizliyi) ilə bağlıdır. Sadəcə olaraq məsələ bundadır ki, Vüqar Əliyevi bu ərazidə nə görən, nə də tanıyan var. Onun əvəzində isə, ərazidə hər kəs bələdiyyənin Xaliq adlı əməkdaşını kifayət qədər yaxşı tanıyır. Həm də bu bələdiyyə nümayəndəsinin ərazidə yol verdiyi özbaşınalıqlar demək olar ki, sakinlərin ciddi etirazlarına səbəb olan əsas amil kimi təqdim olunur. Bu barədə aldığımız açıqlamada deyilir: “Müşfiqabad bələdiyyəsinin sədrini bizim “28 may” massivində bəlkə də heç tanıyan yoxdur. Əvəzində isə, onun Xaliq adlı işçisini hər kəs yaxşı tanıyır. Bu işçinin başımıza gətirmədiyi oyun qalmayıb. Bilmirsən hansını qoyub, hansından danışasan. Zibilin daşınması üçün hər ay evlərdən 3 manat pul yığılır. Amma küçədə zibil yeşikləri yoxdur. Soruşanda deyirlər ki, guya qoyulubmuş, kimsə aparıb. Əvəzində evlərə politilen paketlər paylayıblar ki, zibili onlara yığıb küçəyə qoyaq və zibil daşıyan maşın da gəlib aparsın. Amma sahibsiz heyvanlar bu paketləri yırtıb məişət tullantılarını ətrafa səpələyirlər. Bu da natəmizlik, anitisanitariya şəraiti yaradır. Antisanitariyadan danışanda da ərazinin kanalizasiya xətti yada düşür. İlk növbədə demək lazımdır ki, bu xətt qəsəbənin ümumi kanalizasiya sisteminə qoşulub. Qəsəbənin kanalizasiyası isə, bizim massivin kənarında boşluq bir əraziyə çıxarılıb. Bu sahə dərə kimi bir yer olduğundan, uzun müddətdir ki, çirkab sular ora yığılırdı. İndi isə, artıq bu çuxur dolub. Buna görə də çirkab sular daşaraq yaşadığımız ərazini basır. Üfunətdən evlərdə oturmaq belə olmur. Digər tərəfdən də, bizim massivin su və kanalizasiya xətləri burada ilkin olaraq məskunlaşan sakinlərin şəxsi vəsaitləri hesabına çəkilib. Amma bu gün Xalid, bələdiyyə adına həmin xətlərdən istifadə hüququnu yeni tikilən evlərin sakinlərinə 200 manata satır. Biz buna da etiraz etmirik. Yeni sakinlərin həmin xətlərə ödəniş hesabına qoşulmaları normaldır. Amma qoy bu pulları da ərazinin abadlaşdırılmasına, yeni transformatorun alınmasına, yolların çəkilişinə xərcləsinlər. O qədər problem var ki… Köhnə transformatordan evlərə o qədər kənar xətlər çəkilib ki, tez-tez qəza halları baş verir. İşıqsız qalırıq. Yollarda piyada keçidi olmadığından mütəmadi olaraq, hətta ölüm hadisəsilə nəticələnən qəzalar baş verir. Bələdiyyə isə, nə yığdığı vəsaitlərdən, nə də satdığı taorpaq sahələrinə görə aldıqları pullardan bu problemlərin həllinə bir qəpik də olsun xərcləmir. Kömək üçün kimə müraciət edəcəyimizi də bilmirik…”
Aldığımız məlumatlarda bundan başqa hələ bir çox digər problemlərə də toxunulur. Amma ümid edirik ki, hələlik bu deyilənlər də Müşfiqabad bələdiyyəsinin sədri Vüqar Əliyevin və Qaradağ Rayon İcra Hakimiyyəti rəhbərliyinin diqqətini problemə cəlb etmək üçün yetərli olacaq.
Qarşı tərəfin də məsələyə münasibət bildirməyini səbirsizliklə gözləyirik.