Laçınlılar Akif Səlimovdan şikayət üçün Prezident Administrasiyasına gələcək

akif“Onun 700 baş xırdabuynuzlu mal-qara olan fermasında hər şərait təmin olunub, amma 552 ailə suya həsrətdir”

Sayı 20-yə çatan bir qrup Laçın sakini yaxın günlərdə Laçın RİH başçısı Akif Səlimovdan şikayət etmək üçün Prezident Administrasiyasına gəlməyə hazırlaşır. Bu barədə Qafqaznews.az saytına rayon sakinləri məlumat verib. Onun sözlərinə görə, A.Səlimovun rüşvərxorluğu və özbaşınalığından cana doyan sakinlər yanvar ayının ilk günlərində Taxtakörpüdən Bakıya yola düşməyə hazırlaşır. Şikayətçilər qeyd edirlər ki, son illərdə Laçın sakinləri arasında ayrı-seçkilik aparan, əsasən öz qohumlarını müxtəlif vəzifələrə təyin edən Akif Səlimov dövlət vəsaitini mənimsəmək yolu ilə özünə sərvət qurub. Onun Taxtakörpü ətrafında bir neçə ferması, restoran və marketləri olduğu deyilir: “Onun qohumları isə əhali arasında “kefkom” imici yaradaraq, öz istədiklərini edirlər. Akif Səlimov heç bir təhsili və savadı olmayan onlarla qohumunu müxtəlif vəzifələrə təyin edib. Onların çoxu isə Bakıda yaşayır, ayda-ildə bir dəfə gəlib sənədlərə imza atır, maaşlarını götürürlər.

Savadlı insanlar Akif Səlimovun qapısından geri qaytarılır. Akif Səlimov nə qədər ali təhsilli, kasıb Laçın sakinini kreditə girməyə vadar edib, müxtəlif vəzifələr söz verib. Lakin pulu aldıqdan sonra isə həmin adamlar qəfil “unudulur”. Bu adam adi süpürgəçidən belə hər ay bir hind toyuğu tələb edir. Qurbanlıq bayramında müxtəlif idarə və şöbə rəhbərlərinə mal-qara aldırdı ki, guya kəsdirib əhaliyə paylayacaq. Amma həmin mal-qara onun fermasına getdi, əvəzində mənbəyi bilinməyən köhnə əti əhaliyə payladı.

Sakinlərin çoxu həmin ətləri yeyə bilmədi, tulladılar. Çünki Akif Səlimovun “qurban payları” kəsif qoxu verirdi, köhnə ət olduğu aydın bilinirdi”. Şikayətçilər vurğulayıb ki, Akif Səlimov məktəblərin tikintisi və inşası adı altında yüz minlərlə manatı mənimsəyib: “Bəzi məktəblərdə səthi “kosmetik” təmir aparıb, amma çoxu ancaq kağız üzərində “təmir olunub”. Onun 700 baş xırdabuynuzlu mal-qara olan fermasında hər şərait təmin olunub, amma 552 ailəlik qəsəbə içməli su nədir, təsərrüfat suyuna belə həsrət qalıb”. Şikayətçilər vurğulayıb ki, bir çox iri vəzifə sahibləri biznes sahibləridir və RİH başçısına rüşvət verərək müxtəlif postlara yiyələniblər: “Mədəniyyət və Turizm Şöbəsinin müdiri Yusif Hüseynov Bakıda yaşayır, restoranı və ticarət obyektləri var, özünün də vəzifəyə təyin olunmaq üçün Akif Səlimova 70 min manat rüşvət verdiyi hamı tərəfindən bilinir.

Təhsil şöbəsində isə vəziyyət daha acınacaqlıdır, adi müəllim işinə düzəlmək üçün Laçın sakinlərindən rüşvət alınır, məktəb direktorları isə rüşvət və tanışlıqla təyin olunur”. Həmçinin, sakinlər qeyd edir ki, Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsinin böyük məsləhətçisi Nizami Rzayev 23 ildir iş yerinə gəlmir, özü də Bakıda biznes qurub, vəzifəsi ilə maraqlanmır: “Həmin şöbədə 950 işçi var ki, onlardan 700-dən çoxunun sənədlərdə sadəcə adı gedir”. Həmçinin, Akif Səlimovun bir vətəndaşı sələm borcuna salaraq, ondan 50 min manat alaraq qaytarmaması, həmin adamı intihar həddinə çatdırması barədə də məlumatlar əldə etmişik. Bu barədə növbəti yazımızda bəhs edəcəyik. Bizi izləyin.

Sənan Məmmədli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR