Laçınlılar Akif Səlimovdan Zakir Qaralova şikayət etdilər

Akif-Selimov-1Onlar dünən Prezident Administrasiyasında olub, bir neçə günə isə Zeynal Nağdəliyevlə görüşəcəklər

2015-ci il dekabrın 30-da saytımızda “Laçınlılar Akif Səlimovdan şikayət üçün Prezident Administrasiyasına gələcək” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə qeyd olunurdu ki, Akif Səlimovdan narazı vətəndaşlar Prezident Administrasiyasına şikayət etməyə hazırlaşır.

Yazıda A.Səlimovla bağlı bir sıra iddialar da yer alırdı. Qafqaznews.Az-ın əldə etdiyi məlumata görə, ötən gün bir qrup laçın sakini PA-da olub, bir neçə gün sonra isə PA rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevlə görüşəcəklər. Həmçinin, sakinlər respublikanın baş prokuroru Zakir Qaralova da yazılı müraciət edərək, Laçın RİH başçısının bir sıra qaranlıq əməllərinin araşdırılmasını tələb ediblər. Sakinlərin redaksiyamıza bildirdiyinə görə, yazılı müraciətdə qeyd olunur ki, Laçın işğal olan zaman A.Səlimov polis rəisi işləyirdi: “Və həmin vəzifədən istifadə edib Laçının müdafiəsi üçün verilmiş silahları yaxın qohumlarının köç maşınında, yorğan-döşək və ev əşyalarının arasına oğurlanması və yayındırılması zamanı həmin fakt Milli qəhramanımız Çingiz Mustafayevin videoçəkilişində öz əksini tapmışdır. Həmin çəkiliş ANS TV-nin qızıl fondunda sübut kimi var.

İstəyən ANS-ə müraciət edə bilər”. Bundan başqa, onun öz qohumlarını, ailə üzvlərini, xüsusilə də təhsilsiz və yaşı 65-dən çox olan insanları rayonda yüksək vəzifələrə yerləşdirdiyi iddia olunur. “A.Səlimov Laçın obalarında şoranlıq düzəngahlıqda 200-250 hektar əkin sahəsi olmadığı halda, 3400 hektarda taxılçılığın inkişafı adı ilə 170 min manat pulun hara xərcəlyib?! Bu məsələ və əkin sahələri yoxlanılmalıdır. Dövlət bu yalnış məlumatlar əsasında ərzaq təminatı barədə aldadılıb və dövlət vəsaiti təyinatı üzrə xərclənməyib. A.Səlimovin heyvanlarına yaratdığı şərait həmin ərazilərdə yaşayan Laçınlı köçkünlərin şəraitindən dəfələrlə yaxşıdır.

Taxtakörpü və ətrafında onun xeyli sayda ferması, balıqçılıq təsərrüfatları və marketləri var. Dövlət qurumları maraqlansa, faktlar göz önündədir.”

Vətəndaşlar Z.Qaralovdan xahiş ediblər ki, A.Səlimovun Ağ göl və Mehmangöl ətrafında yaratdığı milyonlarla dəyəri olan şəxsi fermalar və balıqçılıq təsərrüfatlarına sərf etdiyi pulların mənbəyi, eyni zamanda Taxtakörpüdə yolların təmirinə ayırılan külli miqdarda vəsaitin kimin cibinə getdiyi araşdırılsın. Sakinlər əlavə ediblər ki, A.Səlimov Bakıda yaşayan və mədəniyyət işlərindən xəbərsiz olan biznesmen Yusif Hüseynovdan 70 min manat rüşvət alaraq onda Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsini verib: “Həmin Yusif Hüseynov isə illər öncə Sulutəpədə ailəsi ilə yaşadığı şəxsi evinin aşağı mərtəbəsini bar-diskoteka etmişdi”.

Sakinlər tələb edirlər ki, rayonda Xeyriyyə Fondundan kimlərə yardım edildiyi barədə adlı siyahı ictimaiyyətə açıqlansın, o zaman məlum olar ki, Akif Səlimov bütün vəsaiti öz qohumları və yaxınları ətrafında bölüşür. “Akif Səlimov 3-5 “ağsaqqal”ın köməyi ilə ictimaiyyəti aldatmağa çalışır. Ona qarşı çıxanlara isə ya PKK-çı damğası vurur, ya da “nurçu” damğası. Bu adam laçınlılara ermənilərdən betər zülm edir”, – deyə adının bilinməsindən ehtiyatlanan sakinlərdən biri vurğulayıb. Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sənan Məmmədli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR