QafqazNews Manset.az-a istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında “biletim.az” portalı üzərindən 1 milyon 34 min 341 bilet onlayn satılıb. Bu göstərici ötən ilin eyni dövründəkindən 1,6 dəfə çoxdur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ötən ilin ilk 10 ayında onlayn biletlər ümumi satışın 28 faizini təşkil edib. Cari ilin müvafiq dövründə isə bu pay 42 faizə yüksəlib.
Qabaqcadan satılan biletlərin ümumi satışdakı xüsusi çəkisi də artıb. Ötən ilin yanvar-oktyabr aylarında bu göstərici 36,5 faiz olduğu halda, bu ilin eyni dövründə 48 faiz təşkil edib. Agentliyin məlumatında artım sərnişinlərin avtovağzal xidmətlərinə inamının güclənməsi və səfərləri öncədən planlaşdırarkən onlayn bilet alışından daha çox istifadə etməsi ilə əlaqələndirilib.
“Biletim.az” sistemi ilə 61 məntəqəyə 97 istiqamət üzrə bilet əldə etmək mümkündür. Platformaya 379 reys üzrə 426 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sisteminin sərnişindaşıma xidmətləri göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə etməsi nəzərdə tutulur.