QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, deputat Vüqar Bayramov işləməyən şəxslər vəfat etdikdə onların ailələrinə dəfn müavinəti verilməsini məqsədəuyğun sayır. O, təklifi Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin müzakirəsi zamanı səsləndirib.

Bayramovun sözlərinə görə, hazırkı qaydalara əsasən dəfn pulu dövlət qulluqçusu, əmək pensiyaçısı, sığortaolunan şəxs və qanunla müəyyən edilmiş bəzi müavinətləri alan şəxs vəfat etdikdə ödənilir. İşləməyən şəxslər dünyasını dəyişəndə isə onların ailələri bu dəstəkdən yararlana bilmir. Deputat bildirib ki, belə ailələrin yardıma ehtiyacı daha çox ola bilər.

O qeyd edib ki, 2025-ci ildə Azərbaycanda 33 806 nəfər vəfat edib. Onların 62,6 faizi 65 və daha yuxarı yaşda olub. Bayramovun fikrincə, dəfn müavinətinin işləməyən şəxslərə də şamil olunması dövlət üçün əhəmiyyətli əlavə xərc yaratmaz.

Deputat DSMF-nin maliyyə dayanıqlığının qorunmasını və büdcədən ayrılan vəsaitin azaldılmasını vacib məsələlər kimi göstərib. 2027-ci ildə fondun büdcəsini tarazlaşdırmaq üçün dövlət büdcəsindən 1,6 milyard manat ayrılması nəzərdə tutulur. Cari il üzrə bu məbləğ 1,7 milyard manatdır.

Bayramov məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin proqnozlaşdırılması metodologiyasını da sorğulayıb. 2027-ci il üçün gəlirlərin 7 milyard 585 milyon manat müəyyənləşdirildiyini, bunun 7 milyard 456 milyon manatının isə metodologiyaya sabit rəqəm kimi daxil edildiyini deyib. Deputat nəticənin 98,2 faizinin əvvəlcədən formulaya salındığı halda həmin metodologiyanın tətbiqinin nə dərəcədə zəruri olduğunu soruşub.

Onun bildirdiyinə görə, gələn il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların təxminən 9 faiz, qeyri-büdcə sektoru üzrə isə 7 faiz artacağı gözlənilir. Bayramov qeyri-neft və qeyri-dövlət sektorunda gəlir vergisinin 3 faizdən 5 faizə yüksəldilməsinin, eləcə də minimum əməkhaqqı artımının proqnozlara təsirinin nəzərə alınıb-alınmadığını soruşub.

Deputat 2027-ci il üçün “sair xərclər” maddəsində 30 faizlik artım planlaşdırılmasına da diqqət çəkib. O, bu xərclərin təsnifatının aydın olmadığı şəraitdə artımın səbəbinin izah edilməsini istəyib.

Bayramovun təqdim etdiyi rəqəmlərə əsasən, gələn il əhaliyə ödənişlərin DSMF büdcəsindəki payı 96,5 faiz olacaq. Cari il üçün həmin göstərici 96,4 faiz proqnozlaşdırılıb. Deputat cüzi artımın sosial paketin icra olunduğu il üçün müzakirəyə ehtiyac yaratdığını bildirib.

Müavinət xərclərində də artım gözlənilir. Uşağın doğulmasına görə ödəniş 39 milyon 970 min manatdan 84 milyon 10 min manata, üç yaşınadək uşaqlara qulluqla bağlı müavinət 10 milyon manatdan 21,4 milyon manata yüksələcək. Dəfn müavinəti üçün nəzərdə tutulan məbləğin isə 37,6 milyon manatdan 50,5 milyon manata çatdırılması planlaşdırılır.

Sosial sahədə xidmətlərin təşkili, pensiya və müavinət ödənişləri üzrə bank əməliyyatları və digər xidmətlərə ayrılan vəsaitin 90 milyon 980 min manatdan 94 milyon 750 min manata qaldırılması da iclasda diqqətə çatdırılıb. Bayramov artımın ümumi ödənişlərin yüksəlməsi, yoxsa bank xərclərinin çoxalması ilə bağlı olduğunu soruşub.

İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə xərclərinin 319,2 milyon manat olacağı, işsizliyə görə sığorta ödənişlərinə isə 36 milyon manat yönəldiləcəyi bildirilir. Deputat ümumi xərclərin 11,5 faizinin bu ödənişlərə ayrıldığını vurğulayaraq fondun xərc strukturunun yenidən nəzərdən keçirilməsini və ya adının “Məşğulluq və işsizlikdən sığorta fondu” olaraq dəyişdirilməsini təklif edib.