QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Andrey Belousovla Baş Qərargah rəisi Valeri Gerasimov arasında yeni səfərbərlik qərarı ilə bağlı ciddi fikir ayrılığı yarandığı iddia olunur.
Rusiyaya məxsus Teleqram kanallarının yaydığı məlumata görə, Gerasimov qapalı müşavirədə əlavə hərbi çağırış həyata keçirilmədən ordunun “Donetsk Xalq Respublikası”nda qarşısına qoyulan tapşırıqları icra edə bilməyəcəyini söyləyib. O, qərarın yubadılmasının müharibədə məğlubiyyət ehtimalını yüksəltdiyini vurğulayıb.
Baş Qərargah rəisinin hesablamalarına əsasən, müqavilə ilə xidmətə qoşulanların indiki sayı itkiləri əvəzləmək və cəbhə xəttini qorumaq üçün yetərlidir. Genişmiqyaslı hücumlara yönəldiləcək ehtiyat qüvvələrin isə, demək olar, qalmadığı bildirilib. Başqa istiqamətlərdən hərbi hissələrin cəbhəyə köçürülməsi NATO sərhədləri və Rusiyanın cənub bölgələrində müdafiənin zəifləməsinə səbəb ola bilər.
Məruzənin məzmunu qısa müddət ərzində Belousova çatdırılıb. Nazir bunu Baş Qərargahın uğursuzluqlarına görə məsuliyyəti Kremlə yükləmək və məğlubiyyət təhlükəsini önə çəkərək səfərbərlik qərarına nail olmaq cəhdi kimi qiymətləndirib.
Bir neçə nazir müavini və hərbi komandanın qatıldığı görüşdə Belousovla Gerasimov arasında gərgin mübahisə baş verib. Nazir Baş Qərargah rəisindən “sirk göstərməməyi”, rəhbərliyi fəlakət ehtimalları ilə qorxutmamağı və kütləvi səfərbərlik olmadan hərbi məqsədlərə çatmaq üçün plan hazırlamağı istəyib.
Belousov ehtiyat qüvvələrə dair ehtiyacın şişirdildiyini, hərbi bölmələrdə rotasiyanın lazımi səviyyədə qurulmadığını deyib. O, Baş Qərargahın məruzələrindəki məlumatlarla cəbhədəki real mənzərə arasında ciddi fərqlərin olduğunu da qeyd edib.
Mübahisədən sonra Gerasimova qoşunların sayına dair təcili yenilənmiş hesabat hazırlamaq, eləcə də əvvəlki hücum planlarının niyə gözlənilən nəticəni vermədiyini açıqlamaq tapşırılıb. Baş Qərargahda bu tələbi yerinə yetirməyin çətin, hətta mümkünsüz olduğu düşünülür. Buna görə hərbi rəhbərliyin Putin üçün ayrıca məruzə hazırladığı bildirilir.
Beləliklə, Rusiya prezidentinə iki fərqli yanaşmanın təqdim olunacağı gözlənilir. Belousov mövcud qüvvələrlə hərbi əməliyyatları davam etdirməyin mümkün olduğunu hesab edir, Gerasimov isə yeni səfərbərlik keçirilməsə, ordunun irəliləyişinin, demək olar ki, dayanacağını bildirir.