QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, mülki aviasiya parkının əhali sayına nisbətində ABŞ dünya ölkələri arasında ilk yerdədir. 2025–2026-cı illərin qeydiyyat və əhali göstəricilərinə dair statistikaya əsasən, ölkədə 46 mindən artıq aktiv mülki və fərdi təyyarə var. Hər 100 min nəfərə təxminən 13,5 təyyarə düşür.

Reytinqdə ikinci olan Kanadada kiçik aviasiyanın inkişafı ölkənin geniş ərazisi və ucqar bölgələrə uçuş tələbatı ilə əlaqələndirilir. Burada hər 100 min nəfərə təqribən 12,2 təyyarə düşür. Malta isə əhalisinin az olmasına baxmayaraq, Avropanın mühüm lizinq və təyyarə qeydiyyatı mərkəzlərindən biridir; ölkədə yüzlərlə mülki hava gəmisi qeydiyyata alınıb.

Avstraliyada kənd təsərrüfatı, şəxsi nəqliyyat və tibbi xidmətlər üçün kiçik təyyarələrdən geniş istifadə olunur. Ondan sonrakı İrlandiya dünya üzrə hava gəmilərinin lizinqində əsas mərkəz sayılır və bir çox sərnişin təyyarəsi hüquqi baxımdan bu ölkədə qeydiyyatdan keçir.

Yeni Zelandiyanın adalararası nəqliyyatı və kənd təsərrüfatı aviasiyası adambaşına düşən təyyarə göstəricisini yüksəldir. İsveçrə isə fərdi biznes aviasiyası və yerli elit xidmətlərin cəmləşdiyi ölkələrdəndir.

Sıralamanın səkkizinci pilləsindəki Avstriya regional təyyarə istehsalı, o cümlədən Diamond Aircraft, eləcə də biznes-jet və fərdi qeydiyyatların sıxlığı ilə seçilir. BƏƏ-də əhali sayına nisbətdə sərnişin təyyarələrinin parkı böyükdür; burada Emirates və FlyDubai ilə yanaşı, korporativ istifadəyə məxsus fərdi təyyarələr də var. İlk onluğu Braziliya tamamlayır. Ölkə fərdi helikopter və kiçik ümumi aviasiya təyyarələrinin sayına görə Latın Amerikasında öndədir.

Azərbaycanda aviasiya sistemi ABŞ və Kanada kimi fərdi, kiçik təyyarələrə deyil, dövlətin mərkəzləşdirilmiş idarəçiliyinə və iri sərnişin, yük daşımalarına əsaslanır. Donanmanın əsas hissəsini milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları”nın (AZAL) təxminən 30-a yaxın işlək sərnişin təyyarəsi və yeni sifarişləri, habelə regionun iri yük şirkətlərindən “Silk Way West Airlines”ın genişgövdəli Boeing karqo təyyarələri təşkil edir.

Fərdi şəxslərin adına mülki təyyarə qeydiyyatı Azərbaycanda demək olar ki, yoxdur. Gulfstream tipli biznes təyyarələri əsasən xüsusi lisenziyalı holdinqlər və ya korporativ idarəetmə çərçivəsində istismar edilir.

Sərnişin, yük və biznes aviasiyası birlikdə götürüldükdə, Azərbaycanın ümumi mülki təyyarə parkının təxminən 50–60 hava gəmisindən ibarət olduğu bildirilir. Əhalinin 10,1 milyondan çox olması nəzərə alınanda, hər 100 min nəfərə təqribən 0,5 mülki təyyarə düşür.