QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın TRIPP layihəsini təsdiqləməsinə qarşı çıxıb və bununla bağlı İrəvana sərt xəbərdarlıq edib.

Vilayəti İranın rəsmi “İttilaat” qəzetində “Ermənistan Baş nazirinə açıq və səmimi müraciət” adlı məqalə yayımlayıb. O, Ermənistan parlamentinin noyabrın 4-də təsdiqlədiyi “Tramp marşrutu” sazişini, eləcə də Baş nazir Nikol Paşinyanın xarici siyasətini kəskin tənqid edib.

Müşavir layihənin ratifikasiyasını erməni xalqının maraqlarına uyğun olmayan və nəticə verməyəcək qərar kimi qiymətləndirib. O, Paşinyan hökumətini ABŞ, Fransa və Böyük Britaniyanın siyasətinə tam tabe olmaqda ittiham edərək, bu istiqamətin Cənubi Qafqazı fəlakətə apara biləcəyini bildirib.

Vilayətinin sözlərinə görə, Paşinyanın rəhbərlik etdiyi hökumət Ermənistanla Azərbaycan arasındakı düşmənçiliyi qəsdən dərinləşdirir, həmçinin qonşu dövlətlərlə münasibətləri qeyri-sabit və proqnozlaşdırılması çətin hala gətirir.

Məqalədə İranın mümkün hərbi müdaxiləsinə dair xəbərdarlıq və Ermənistanın səfiri ilə qapalı görüşdə deyilənlər də yer alıb. Vilayəti qeyd edib ki, İrəvan Ukraynadakı müharibəyə görə Rusiyanın dəstəyinin məhdud olacağını düşünərək ciddi geosiyasi səhvə yol verir. O vurğulayıb ki, Rusiya regionda iştirak etsə də, etməsə də, İran Cənubi Qafqazın təhlükəsizliyini özünün birbaşa məsuliyyəti sayır.

İranlı müşavir Ermənistan səfirinə dediklərini belə ifadə edib: “Son sözümü Ermənistanın səfirinə də dedim: Tramp və müttəfiqləri İranın bu “qırmızı xətti”ni keçmək istəsələr, onların ayaqlarını qıracağıq”.

Tehran TRIPP-i Zəngəzur dəhlizinin ABŞ nəzarətində həyata keçirilməsinə yönəlmiş başqa bir örtülü forma kimi qiymətləndirir və Astana sammitində müəyyənləşdirilən qadağanı “qırmızı xətt” adlandırır.

Sazişə görə, TRIPP layihəsi üçün yaradılacaq TDC şirkətinin idarəetmə və mülkiyyət payının 74 faizi ABŞ hökumətinə məxsus olacaq. İran sərhədinin yaxınlığında ABŞ hərbçilərinin, podratçılarının və ya kəşfiyyat sistemlərinin yerləşdirilməsini milli təhlükəsizliyinə birbaşa hərbi təhdid hesab edir.

Tehran marşrutun mühafizəsinin Ermənistan Silahlı Qüvvələrinə və ya Ermənistan ərazisindəki Rusiya qüvvələrinə həvalə olunmasını tələb edir. İran bildirir ki, bölgədə münaqişə yaranarsa, oradakı ABŞ infrastrukturu və hərbi heyəti rəsmi şəkildə “legitim hədəf” elan edilə bilər.