QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Media və Yayım Şurasında “Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi” mövzusunda dəyirmi masa keçirilib. Görüşdə müharibə və döyüş bölgələrində fəaliyyət göstərmiş jurnalistlərin çıxışları dinlənilib.
Tədbirə moderatorluq edən Şuranın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli tarixi Zəfərin ölkə mediasının inkişafında mühüm dönəm olduğunu bildirib. Onun sözlərinə görə, Vətən müharibəsi zamanı informasiya məkanında həmrəyliyin qorunması və vətəndaş məsuliyyəti xüsusi önəm daşıyıb. Məmmədli Prezident İlham Əliyevin xalqa müraciətlərinin, eləcə də beynəlxalq media qurumlarına müsahibələrinin Azərbaycanın mövqeyini dünyaya çatdırdığını vurğulayıb.
Birinci Qarabağ və Vətən müharibələrinin iştirakçısı, müharibə mövzusunda sənədli kitabların müəllifi İlham Tumas jurnalistlərin cəbhə bölgələrindən operativ və dəqiq məlumat verməkdəki roluna diqqət çəkib. O, Ermənistanın dezinformasiyalarına qarşı mübarizəni və müharibə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasını da qeyd edib.
İkinci Qarabağ müharibəsinin iştirakçısı, ARB-nin şöbə müdiri Mail Əsgərov jurnalistlərin peşəkarlığının, vətənpərvər mövqeyinin və informasiya məsuliyyətinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına töhfə verdiyini söyləyib. Əsgərov bu təcrübənin gənc jurnalistlərə ötürülməsinin, onların müasir informasiya mühitinin çağırışlarına hazır yetişdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmiş Bəhruz Məmmədzadə müharibədə ideoloji qələbənin əhəmiyyətindən danışıb. O bildirib ki, Vətən müharibəsi hərbi əməliyyatlarla yanaşı, informasiya və ideoloji müstəvidə aparılan mübarizə ilə də yadda qalıb.
Vətən müharibəsi iştirakçısı, qazi jurnalist Məğrur Əliyev Qarabağda tarix yazan gənclərin şücaətindən bəhs edib. O, ölkənin ərazi bütövlüyünün bərpasında iştirak etmiş qəhrəmanların igidlik və fədakarlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
İkinci Qarabağ müharibəsinin iştirakçısı, Baku TV-nin hərbi jurnalisti Fərdin İsazadə və İctimai Televiziyanın əməkdaşı Araz Xan müharibə şəraitində informasiyanın ictimaiyyətə düzgün, çevik və obyektiv çatdırılmasının önəmini vurğulayıblar.
Dəyirmi masa zamanı digər jurnalistlər də çıxış edərək müharibə dövründə gördükləri iş, şahidi olduqları hadisələr və əldə etdikləri peşəkar təcrübə barədə fikir mübadiləsi aparıblar. Tədbirdə Vətən müharibəsinin gedişini, tarixi Zəfərə aparan yolu və həmin dövrün əlamətdar anlarını əks etdirən videoçarx nümayiş olunub.