Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi müzakirə olunub və üçüncü oxunuşda qəbul edilib. Yeni dəyişikliyə əsasən, Mərkəzi Bankın tənzimləmə və nəzarət səlahiyyətləri yalnız ayrı-ayrı maliyyə institutları ilə məhdudlaşmır, həm də onların daxil olduğu maliyyə qruplarına tətbiq ediləcək.

Sənədə görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını alan maddə (48-1) tamamilə yenidən redaktə olunub. Layihə Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) Azərbaycana dair 5-ci raund qiymətləndirilməsi hesabatında Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tövsiyələrinə uyğun olaraq tərtib olunub.

Yenilənmiş normativ çərçivəyə əsasən, Mərkəzi Bank tərəfindən bankların, həyat sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, həm də xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə geniş konsolidasiya üzrə nəzarət həyata keçiriləcək.

Qanun layihəsi parlamentdə müzakirələrdən sonra səsverməyə çıxarılıb və üçüncü oxunuşda təsdiqlənib.