QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, teleaparıcı Nailə İslamzadə Prezident İlham Əliyevin media nümayəndələrinə verdiyi təltiflər sırasında 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb.
Nailə İslamzadə 2 noyabr 1961-ci ildə Balakən rayonunda dünyaya gəlib. Ailənin sonbeşiyi olan Nailənin dörd böyük qardaşı olub. Tələbə olduğu vaxt rəfiqələrinin təşviqi ilə diktorluq müsabiqəsinə qatılıb. Dörd yüz namizəd arasından seçilərək Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb.
İlk dəfə 1983-cü il fevralın 19-da efirə çıxan İslamzadə tamaşaçılara “Zəngli saat” və “Sovet ittifaqına xidmət edirəm” verilişlərinin bir neçə dəqiqə sonra yayımlanacağını bildirib. Bu çıxışdan sonra diktor Rafiq Hüseynov rejissor pultunun arxasından qalxaraq onu qucaqlayıb və təbrik edib. Hüseynov həmin vaxt “İndi səni bütün Azərbaycan tanıdı” deyib.
İslamzadə diktor, aparıcı və jurnalist kimi fəaliyyət göstərib. O, “Xəbərlər” proqramının əsas aparıcılarından biri olub, dövlət bayramlarına həsr edilən veriliş və tədbirləri, eləcə də televiziyanın müxtəlif formatlı proqramlarını təqdim edib. On il boyunca “Ailələr, talelər” verilişinin müəllifi və aparıcısı olub.
1998-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülən İslamzadə uzun müddət Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinə rəhbərlik edib. O, Türkiyənin “TRT AVAZ” kanalında yayımlanan “İş'te kadın” proqramını da aparıb.
2019-cu ilin sentyabrından İTV-də çalışan Nailə İslamzadə hazırda Saleh Bağırovla birgə “Ötən günlər” verilişinin aparıcısıdır.