Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlığı yenidən bərpa etmək niyyətində olmadığını bəyan edib.

O, bu fikri parlamentdə 2026-2031-ci illər üçün hökumət proqramını təqdim edərkən səsləndirib. Paşinyan bildirib: “Ermənistanın KTMT-yə qayıtmaq və ya təşkilat daxilində işi bərpa etmək planı yoxdur. Əminliklə deyə bilərəm ki, KTMT daxilində işimizi gücləndirməyəcəyik. Bilirəm ki, təşkilat bu məsələni müzakirə edir və onun nizamnaməsində bir ölkənin təşkilatdan çıxarılması imkanı nəzərdə tutulur. Təşkilat Ermənistanı KTMT-dən çıxarmaq qərarına gəlsə, məmnun olaram.”

Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevral ayında KTMT-dəki iştirakını “dondurub”. KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.