QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Həzrət Bilalovun (soyadı şərtidir) sağlamlığa qəsdən ağır zərər vurma ittihamı üzrə cinayət işi yekunlaşıb. Son iclasda hökm elan olunub və təqsirləndirilən şəxsə şərti cəza verilib.

İttihamda göstərilir ki, hadisə bu il saat 00:20 radələrində Sabirabad rayonunun Axısxa kəndində yaşanıb. Həzrət Bilalov həmin ərazidə həmyaşıdı Hacı Qasımovla rastlaşıb.

Söhbət əsnasında Qasımov bildirib ki, Bilalovun sevdiyi qız barədə müxtəlif məlumatlar yayılır. Onun sözlərinə görə, həmin qızla münasibətlərinin gerçək olmadığını və qızı aldatdığını da söyləyiblər. Bu məsələ şəxsi münasibətlər zəminində mübahisəyə çevrilib.

Qarşıdurma zamanı Hacı Qasımov Bilalovu nalayiq sözlərlə təhqir edib. İttihama əsasən, Bilalov deyilənlərə və təhqirlərə görə qisas almaq qərarına gəlib, üzərindəki mətbəx bıçağı ilə Qasımovun qarnına bir zərbə vurub.

Zərərçəkmişin qarın nahiyəsinin ön səthində, ağ xətt boyunca və qabırğa qövsü səviyyəsində qarın boşluğuna keçən xəsarət yaranıb. Xəsarət qaraciyərin sol payı və mədənin kiçik əyriliyinin zədələnməsi ilə müşayiət olunub.

Hadisədən sonra Həzrət Bilalov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.