QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, kafedə TikTok hesabında canlı yayım açaraq nalayiq ifadələr işlədən 24 yaşlı Faiq Babayev (şərti adla) inzibati məsuliyyətə cəlb edilib.

Yayım zamanı ictimai mənəviyyatı təhqir edən hərəkətlərə yol verdiyinə görə o, polis əməkdaşları tərəfindən saxlanılıb. Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub. Həmin maddə internet informasiya ehtiyatı və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirilən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və ictimai mənəviyyatı təhqir edən hərəkətlərə, o cümlədən əxlaqsız ifadələr və jestlərə görə məsuliyyət nəzərdə tutur.

Babayev bildirib ki, canlı yayımda bir nəfər onun ailəsini təhqir edib, o isə cavabında nalayiq ifadələr işlədib. Əməlindən peşman olduğunu deyən şəxs barəsində ədalətli qərar verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Faiq Babayev 500 manat inzibati cərimə olunub.