QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, TuranBank ASC Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə tədbirində iştirak edib.

4 noyabr 2026-cı ildə baş tutan aksiya çərçivəsində 2 hektar ərazidə 1 250 Eldar şamı və zeytun ağacı torpağa basdırılıb. Meşə fondunun bərpası və yaşıllıqların artırılması üçün Abşeron rayonunun Müşfiqabad qəsəbəsində 60 hektar sahədə iqlimə uyğun təxminən 40 min ağac əkilməsi, eləcə də suvarma sisteminin yaradılması planlaşdırılır.

Tədbir 13 mart 2023-cü ildə bir sıra dövlət və maliyyə qurumları ilə assosiasiyaların imzaladığı Anlaşma Memorandumu əsasında təşkil olunub. Sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında bağlanıb.

Memorandum Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən ağacəkmə işləri üzrə əməkdaşlığı nəzərdə tutur. Sazişə əsasən, 2023-cü ildən başlayaraq on il ərzində hər il 100 min, ümumilikdə isə 1 milyon ağac əkilməsi üçün müvafiq tədbirlər görülməlidir.

Dörd ildir davam edən aksiyada ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bank sədrinin müşaviri Bəhruz Balayev, ABA prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov iştirak ediblər. Tədbirə digər assosiasiyaların məsul şəxsləri və üzv təşkilatların təxminən 250 nümayəndəsi də qatılıb.

TuranBank yaşıllıqların qorunması və artırılmasına yönələn təşəbbüslərdə, eləcə də ətraf mühitin mühafizəsi üzrə tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı davam etdirəcəyini bildirib.

1992-ci ildən fəaliyyət göstərən TuranBank ASC-nin 22 satış nöqtəsi var. Bank fərdi və korporativ müştərilərə xidmət göstərir.