Milli Məclisin bugünkü plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununun dəyişiklik layihəsinin ikinci oxunuşu nəzərdən keçirildi. Komitə sədri, deputat Arzu Nağıyev layihənin mahiyyətini açıqlayarkən bildirib ki, təklif olunan yeniliklər zabitlərin hərbi rütbədə olma müddətinin tənzimlənməsini təkmilləşdirməyi və zabitlərin əlavə ali təhsil almasını, elmi fəaliyyətini stimullaşdırmağı məqsəd qoyur. Yeni qaydalara əsasən, hərbi rütbədə olma müddətinin hesablanmasında zabitlərin magistratura, rezidentura və doktorantura təhsili ilə elmi fəaliyyəti nəzərə alınacaq.

Komitə sədri vurğulayıb ki, rütbədə olma müddətinin hesablanması qaydaları yenilənir və xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant rütbəsində olma müddətinə dair yeni normativ tənzimləmə müəyyən edilir. Həmçinin o, sənədin müvafiq dövlət qurumlarının rəhbərləri ilə razılaşdırıldığını və müzakirələr zamanı deputatların irəli sürdüyü rəylərin nəzərə alındığını qeyd edib. Qanun layihəsinin parlamentdə ikinci oxunuşda əsas kimi qəbul olunduğu bildirilib.