2026–2030-cu illər üçün Turizmin inkişafına dair Dövlət Proqramı təsdiqlənib. Sənəd geniş diaqnostikaya əsaslanaraq sektorun əsas problemlərini sıralayır.

Sənəddə turizmin əlçatanlığı, məhdud bazarlar, mövsümlük, investisiya çatışmazlığı, xidmət səviyyəsi, ixtisaslı kadr qıtlığı və rəqəmsallaşma kimi məsələlər əsas çətinliklər kimi müəyyənləşdirilib.

Proqramın strateji hədəflərinin bir hissəsi konkret rəqəmlərlə ifadə olunub. 2030-cu ilədək müəyyən sahələrdə əlavə dəyərin təxminən 40 faiz artırılması, xarici turist xərclərinin 3,3 milyard manatdan 6,3 milyard manata yüksəldilməsi, ölkəyə gələn əcnəbilərin sayının 2,57 milyon nəfərdən 3,8 milyon nəfərə çatdırılması nəzərdə tutulur.

Tədbirlər bölməsi də kifayət qədər konkret tədbirlərlə zəngindir. Viza rejiminin liberallaşdırılması, yeni aviaşəbəkələrin açılması, aviabilet qiymətlərində rəqabət qabiliyyətinin artırılması, aşağı büdcəli aviaşirkətlərin cəlb edilməsi, investisiya və subsidiya mexanizmlərinin tətbiqi və regionlarda yeni turizm mərkəzlərinin yaradılması əsas prioritetlər kimi göstərilib.

Bəzi tədbirlər üzrə konkret göstəricilər müəyyən edilib: 34 hədəf ölkə ilə vizasız rejim, ən azı 4 yeni uçuş istiqaməti açılması və mövcud istiqamətlər üzrə uçuş tezliyinin 20 faiz artırılması bu nümunələrdəndir.

Eyni zamanda, proqramın nəticəəsaslı idarəetmə baxımından təkmilləşdiriləcək aspektləri var. İndikatorların keyfiyyəti məsələsində qarışıqlıq mövcuddur; məsələn, “siyasətin uzlaşdırılması”, “əlverişli biznes mühitinin təmin edilməsi”, “xarici turist səfərlərinin artması” və “xidmət keyfiyyətinin yüksəldilməsi” kimi göstəricilər üçün baza səviyyəsi və konkret hədəflər göstərilməyib, bu isə sonrakı qiymətləndirməni çətinləşdirir.

Resurslarla nəticələr arasındakı əlaqənin daha aydın şəkildə ortaya qoyulması vacibdir. Proqram maliyyələşmə mənbələrini sadalayır, lakin ümumi dövr üzrə indikativ maliyyə yükü təqdim olunmayıb. Beynəlxalq təcrübədə belə sənədlərdə proqramın indikativ maliyyə çərçivəsi göstərilir ki, bu da tədbirlərin prioritetləşdirilməsini və sonrakı qiymətləndirməni asanlaşdırır.

Nəticə etibarilə yeni Dövlət Proqramı diaqnostika, tədbirlərin spektri və müəyyən edilmiş konkret hədəflər baxımından əhəmiyyətli sənəddir. Gələcəkdə əsas diqqət göstərilən tədbirlərin icra faizi deyil, onların yaratdığı real iqtisadi, sosial və institusional nəticələrin ölçülməsinə yönəlməlidir.