İran müharibənin enerji sektoruna vurduğu zərərin ardından 7,5 trilyon kub futdan artıq təbii qaz ehtiyatı aşkar etdiyini açıqlayıb.
Neft naziri Möhsün Paknejad yeni ehtiyatın təxminən 5,7 trilyon kub futunun hasil edilə bilən rezervlər olduğunu bildirib.
Nazirin sözlərinə görə, aşkarlanan qaz mənbəyi İran və Qətərin bölüşdüyü dünyaca məşhur "South Pars" yatağının bir fazasında 15 illik hasilata bərabər həcmdədir.
Yatağın Fars əyalətində yerləşdiyi və ondan qaz kondensatı daxil olmaqla on milyardlarla dollar dəyərində məhsul çıxmasının mümkün olduğu vurğulanıb.
Bununla yanaşı, yeni ehtiyatların kommersiya mənbələrinə çevrilməsi üçün illər lazım ola biləcəyi qeyd olunur. Həmçinin, İranın enerji sahəsi müharibədən əvvəl də Qərb sanksiyaları və kifayət qədər investisiyanın olmaması səbəbindən çətinliklərlə üzləşirdi.