2026-cı ilin sonuna Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365 milyon manat olacağı proqnozlaşdırılır ki, bu təsdiq olunmuş proqnozla müqayisədə 756 milyon manat və ya 2% artıqdır.
Sənədə görə, büdcə gəlirlərinin 43,4%-i və ya 17 milyard 85 milyon manatı neft-qaz sektorundan, 56,6%-i və ya 22 milyard 280 milyon manatı isə qeyri-neft-qaz sektorundan daxil olacaq. Neft-qaz sektoru üzrə gəlirlərin təsdiq edilmiş göstəricidən 650 milyon manat və ya 4% çox, qeyri-neft-qaz sektoru üzrə isə 106 milyon manat və ya 0,5% artacağı gözlənilir.
Gözlənilən gəlirlərin strukturuna görə 17 milyard 760 milyon manat və ya 45,1%-i vergilər və rüsumlar, 6 milyard 762 milyon manat və ya 17,2%-i gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 12 milyard 835 milyon manat və ya 32,6%-i Dövlət Neft Fondunun transfertləri, 1 milyard 21 milyon manatı və ya 2,6%-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri, 987 milyon manatı və ya 2,5%-i isə digər gəlirlər təşkil edəcək.
Vergi və rüsumlar üzrə daxilolmaların 17 milyard 760 milyon manat səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 850 milyon manat və ya 5% çoxdur. Bu məbləğin 4 milyard 250 milyon manatı neft-qaz sektorunun, 13 milyard 510 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşəcək.
Neft-qaz sektorundan gözlənilən vergi daxilolmalarının 41,2%-i və ya 1 milyard 750 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər, 11,8%-i və ya 500 milyon manatı Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçıların mənfəət vergisi, 47,1%-i və ya 2 milyard manatı isə "Şahdəniz" layihəsi üzrə podratçıların mənfəət vergisi təşkil edəcək.
Dövlət büdcəsinin 2026-cı il üçün daxilolmalarının hesablanmasında Azərbaycan qazının orta satış qiyməti 1 000 kub metr üçün 35 ABŞ dolları artırılaraq 296 ABŞ dolları götürülüb. Qiymət artımı ilə əlaqədar "Şahdəniz" layihəsi üzrə podratçıların mənfəət vergisi daxilolmalarının 400 milyon manat və ya 25% artacağı proqnozlaşdırılır. Vergi orqanları vasitəsilə qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 13 milyard 510 milyon manat olması gözlənilir ki, bu cari ilin təsdiq olunmuş göstəricisindən 200 milyon manat və ya 1,5% çoxdur.
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 1 milyard 21 milyon manat olacağı və təsdiq olunmuş göstərici ilə eyni qalacağı bildirilir. Dövlət əmlakının, özəlləşdirilmiş dövlət müəssisələrinin və obyektlərinə aid torpaq sahələrinin icarəsindən daxilolmaların 46 milyon manat olacağı proqnozlaşdırılır ki, bu göstərici təsdiq olunmuş proqnozdan 6 milyon manat və ya 15% yüksəkdir. Digər daxilolmaların 941 milyon manat səviyyəsində və təsdiq olunmuş göstərici ilə eynilik təşkil edəcəyi gözlənilir. ARDNF-dən transfertlər üzrə daxilolmaların (12 milyard 835 milyon manat) təsdiq olunan səviyyədə qalacağı nəzərdə tutulur.
2026-cı ilin dövlət büdcəsinin xərcləri 40 milyard 862,6 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu təsdiq olunmuş göstəriciyə nisbətən 2% azdır. Xərclərin strukturuna görə cari xərclər ümumi xərclərin 60,5%-i və ya 24 milyard 713,1 milyon manat, əsaslı xərclər 33,5%-i və ya 13 milyard 691,8 milion manat, dövlət borcuna xidmət xərcləri 6%-i və ya 2 milyard 457,6 milyon manat təşkil edəcək. Dövlət borcuna xidmət üzrə nəzərdə tutulan məbləğin 1 milyard 400 milyon manatı xarici, 1 milyard 57,6 milyon manatı isə daxili borca yönəldiləcək.
Funksional təsnifata görə gözlənilən xərclər arasında ümumi dövlət xidmətlərinə 5 milyard 462,8 milyon manat, sosial müdafiə və sosial təminata 4 milyard 824,2 milyon manat, mədəniyyət və informasiya sahələrinə 625,8 milyon manat, ətraf mühitin mühafizəsinə 411,6 milyon manat, məhkəmə və hüquq-mühafizə orqanlarına 3 milyard 286,2 milyon manat, müdafiə və milli təhlükəsizliyə 8 milyard 562,8 milyon manat, səhiyyəyə 1 milyard 987,3 milyon manat, kənd təsərrüfatına 1 milyard 202 milyon manat, iqtisadi fəaliyyətə 7 milyard 699,5 milyon manat, təhsilə 4 milyard 880,1 milyon manat, mənzil və kommunal təsərrüfatına 321,3 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlərə isə 1 milyard 598,9 milyon manat vəsait ayrılacağı proqnozlaşdırılır. Bu göstəricilərin hər biri təsdiq olunmuş planlarla müqayisədə müəyyən qədər azalma göstərir.