Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi və rəqəmsal transformasiya üzrə əməkdaşlıq müzakirə olunub.

Görüşdə 4SİM-in icraçı direktoru Fariz Cəfərov və “Azərsun Holdinq”in baş icra direktoru Savaş Uzan iştirak ediblər. Müzakirələrdə qabaqcıl texnologiyaların tətbiqi, istehsal proseslərinin optimallaşdırılması və əməliyyatların səmərəliliyinin artırılması mövzuları gündəmə gətirilib.

Tərəflər “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində əməkdaşlıq perspektivlərini dəyərləndiriblər. Proqramın məqsədi yerli müəssisələrdə rəqəmsal transformasiyanın sürətləndirilməsi, sənaye 4.0 həllərinin tətbiqi, idarəetmə və istehsal proseslərinin təkmilləşdirilməsi və məhsuldarlığın artırılmasıdır.

“SUN Tea” MMC və “AzərSüd” MMC də proqram çərçivəsinə qoşularaq yeni texnoloji həllərin tətbiqi prosesinə daxil olublar. Bu müəssisələrdə mövcud texnoloji imkanların qiymətləndirilməsi, rəqəmsal həllərin tətbiqi və gələcək inkişaf istiqamətləri müzakirə olunub.

Görüş zamanı həmçinin innovasiya ekosisteminin gücləndirilməsi, insan kapitalının inkişafı və birgə təşəbbüslərin icrası imkanları üzrə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, əməkdaşlığın genişləndirilməsi sənaye müəssisələrinin texnoloji transformasiyasını sürətləndirəcək, istehsal səmərəliliyini və texnoloji hazırlıq səviyyəsini yüksəldəcək və nəticədə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinə müsbət təsir göstərəcək.