“AzInTelecom” MMC beynəlxalq səviyyəli FIRST (Forum of Incident Response and Security Teams) təşkilatına üzv qəbul edilib.

Üzvlük nəticəsində şirkət Azərbaycanda nəqliyyat sektoruna aid sahəvi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi kimi tanınıb və “Transport CERT” statusunu əldə edib. Komandanın fəaliyyəti “SIM3” qiymətləndirmə modeli əsasında yoxlanılıb və yerində aparılan baxışla beynəlxalq standartlara uyğunluğu təsdiqlənib.

Bu status “AzInTelecom”a xarici mənşəli kiberhücumlara qarşı beynəlxalq tərəfdaşlarla birgə operativ müdaxilə etməyə, MISP platforması vasitəsilə təhdid kəşfiyyatı məlumatlarını paylaşmağa və təşkilat daxilində səsvermə və işçi qruplarında təmsilçilik hüququna malik olmağa imkan verir.

Şirkətin FIRST-ə qəbul olunması onun kibertəhlükəsizlik sahəsində beynəlxalq standartlara cavab verdiyini və qlobal kibertəhlükəsizlik icmasında etibarlı tərəfdaş olaraq tanındığını göstərir. Eyni zamanda bu addım “AzInTelecom”un “Google”, “Amazon”, “Microsoft”, “Apple”, “Cisco” və “CrowdStrike” kimi qlobal oyunçularla eyni səviyyədə təmsil olunmasını təmin edir və nəqliyyat sektorunda kiberdayanıqlılığın möhkəmlənməsinə, institusional imkanların inkişafına töhfə verir.

Qeyd olunur ki, “AzInTelecom” öz fəaliyyətini Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun olaraq qurur və texnoloji qabiliyyətlərini davamlı olaraq gücləndirir. Şirkət beynəlxalq tərəfdaşlıqlarını genişləndirərək ölkənin rəqəmsal təhlükəsizliyinin möhkəmlənməsinə dəstək verəcəyini bildirir.